Volkan Kahraman: "Qarabağ"ın daşıdığı adın önəmini bilirik" MÜSAHİBƏ

12:12 - 3 Fevral 2018

Avstriyada fəaliyyət göstərən “Qarabağ Vyana” klubunun baş məşqçisi Volkan Kahraman Türkiyənin Antalya bölgəsində Azərbaycan I Divizionunda çıxış edən “Xəzər” kollektivinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Matçla bağlı nə deyə bilərsiniz?

- Biz də azərbaycanlılardan ibarət bir komanda olduğumuz üçün gözəl görüş alındı. Oyun təlim-məşq toplanışının son gününə təsadüf etdi, sabah gedirik. Rəqib çox gözəl, hücum futbolu oynadı. Biz də müdafiəni yaxşı saxladıq. Dostluq içərisində çox xoş bir matç keçdi.

 

- “Xəzər”in Azərbaycan çempionatın I Divizionunda çıxış etdiyini bilirsiniz?

- Yüksək dəstədə?

 

- Xeyr, I divizionda...

- Ancaq deyəsən, I pillədədir.

 

- Komanda 8-ci sırada qərarlaşıb...

- Oradakı səviyyənin necə olduğunu bilmirik. Bizim də hədəfimiz 3-cü liqadan 2-yə çıxmaqdır. Hazırlıq dönəmində bu oyunları çox da ciddiyə almaq lazım deyil. Ehtimal ki, rəqib də çox çalışdı. Yükləmə olmuşdu. Hər iki komanda yaxşı futbol sərgilədi.

 

- Komandanızın azərbaycanlı futbolçusu Elvin Bədəlovun çıxışından razı qaldınız?

- Elvin bizim üçün önəmli bir futbolçudur. Çox yaxşı işlər görür. Dimtri Nağıyev də bizimlədir. O, ikinci hissədə meydana çıxdı. Hər ikisi gəncdir. Gələcəkdə bizə faydaları olacaq.

 

- Bundan sonra da “Qarabağ Vyana”da azərbaycanlı futbolçular görə bilərik?

- Əlbəttə ola bilər. Biz azərbaycanlı, rusiyalı və ya braziliyalılara deyil, yaxşı futbolçulara baxırıq. Yaxşı oyunçulara qapımız hər zaman açıqdır. Təbii ki, rəhbərlik azərbaycanlılar olduğu üçün bu istiqamətə daha çox yönələ bilərik. Bizə uyğun olanları gördükdən sonra alacağıq.

 

- “Qarabağ Vyana” yarandığı gündən 2 liqa yüksəlib. Cari mövsümdə hədəf nədir?

- Hədəfimiz 3-cü liqada yerimizi qorumaqdır. Yeni qaydalar var. 2 və 3-cü liqada komandaların sayını artırırlar. İlk 3 yeri tutan yuxarı dəstəyə çıxa bilər. Belə bir vəziyyət varsa, biz niyə etməyək. Hazırda vəsiqə verən pillədən 4 xal geri qalırıq. Yaxşı vəziyyətdəyik, yaxşı transferlər etdik. Bu mövsüm 2-ci liqaya yüksələcəyimizə ümid edirik.

 

- Oyunlarınızda azərbaycanlı azarkeşlər sizə dəstək olurlar?

- Azarkeş məsələsindən o qədər də məmnun deyilik. Çox da gələn olmur. Biz böyüdükcə, onların da sayı artmağa başladı. Əlbəttə, bunun üçün yaxşı stadion, platforma lazımdır. Məncə, yavaş-yavaş bu iş də həllini tapacaq.

 

- “Qarabağ Vyana” olaraq Ağdamın “Qarabağ” komandasını özünüzə örnək götürürsünüz?

- Onları örnək alacaq durumda deyilik. Çünki səviyyə fərqi var. Ağdam “Qarabağ”ı çox böyük bir klubdur. Çempionlar Liqasında çıxış edirlər. Biz hələ hədəflərimizin başlanğıcındayıq. Amma təbii ki, bizim rəhbərliyimiz, klubumuz üçün qürurvericidir.

 

- Azərbaycanda sizin komandanın azarkeşləri çoxdur. Çünki “Qarabağ” adı bizim üçün çox önəmlidir. Bu ad sizə motivasiya verir?

- Təbii ki, biz də komandanın daşıdığı adın önəmini bilirik. Futbolçularımız da tarixindən, önəmindən xəbərdardırlar. Onsuz da biz bura yalnız pul qazanmaqdan ötrü gələn futbolcuları istəmirik. Qəlbi ilə klubla çalışacaq oyunçuları uyğun bilirik. Ona görə də çox yaxşı xarakterli futbolçularımız var.

 

- Komandanızdakı digər əcnəbilərə Qarabağ haqda bilgi verirsiniz?

- Əlbəttə, anladırıq. Qarabağın anlamını hər kəs bilir. (Qafqazinfo)

Xəbər xətti