Fariz Nəcəfov: "Qriqorçuka müqaviləsiz də etibar edirik" MÜSAHİBƏ

15:34 - 4 Fevral 2018

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibə verib.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir: 

 

- “Qəbələ” qışda çox transfer etmədi. Bunun sirri nədədi?

- Elə bir sirr yoxdu. Qışda yaxşı futbolçu tapmaq müşkül məsələdi. Axtarışlarımız davam edir. Amma gedən oyunçuların əsas heyətdə az vaxt aldıqlarını da qeyd etməliyəm. Bildiyiniz kimi, Endi Halidey və Deyv Bultuislə yollarımızı ayırmışıq. Bu futbolçular daha çox Avroliqa turnirinə hesablanmış transferlər idi. Yerli çempionatda məlum səbəblərdən oynamadılar. Ona görə də komandaya çoxsaylı legionerlərin cəlb olunmasına lüzum görmürəm. Çünki Avropa Liqasında qısa müddətdə çıxış edirik, daha sonra isə həmin oyunçular limit səbəbindən oyun praktikasından məhrum olurlar.

 

- Roman Qriqorçuk yeni hücumçu alınmasını istədiyini bildirib...

- Bizim baş məşqçi ümumiyyətlə, hücum futbolu fəlsəfəsinin daşıyıcısıdı. O istəyir ki, komandaya daha bir hücumçu cəlb edək. Amma tapa bilmirik. Ola bilsin ki, heç tapa da bilmədik. Mənə elə gəlir ki, heyətimiz kifayət qədər zəngindi.

 

- Əlinizdəki heyətlə çempionluq uğrunda mübarizə aparmaq olar?

- Düşünürəm ki, olar.

 

- Bəs, Aqil Məmmədov sirri nə idi? Vidalaşdınız, sonra yenidən “Qəbələ”yə qayıtdı...

- Burda heç bir sirr yox idi. Ona daha uyğun gələn variant seçdi. Dostcasına ayrıldıq. Ancaq yenidən komandamıza hansı səbəbdən qayıtmasını deyə bilmərəm. Çünki bizə özü müraciət etdi və komandaya daha bir qapıçı axtardığından baş məşqçimizin razılığı ilə onu sıralarımıza qatdıq.

 

- Roman Qriqorçukun “Astana” söhbətinə fərqli prizmadan yanaşmağınızı istəyərdik. Həqiqətən Qazaxıstan təmsilçisindən təklif gəlsəydi, çempionatın gedişatında onu buraxardınız?

- Roman İosifoviç elə bir mütəxəssis, şəxsiyyətdi ki, inanmıram, çempionatın gedişatında bizi yarımçıq atıb getmək fikrinə düşəydi. Çünki analoji hadisələri dəfələrlə müşahidə etmişik. Elə özümüz də onu ilk dəfə dəvət etdikdə, “Çernomorets”in “sükanı arxası”nda olduğunu və mövsümü bitirmədən gəlməyəcəyini söyləmişdi. Hərçənd, bizim təklif etdiyimiz müqavilə daha cəlbedici idi. Bu səbəbdən də arxayınıq. Çünki elə bir şey olsaydı, bunu birinci mən bilərdim. Amma yayda müqaviləsi başa çatır. Onda hansısa mövzu ətrafında söhbət edə bilərik.

 

- Bəs, indi niyə danışmırsınız?

- Axı, yayadək müqaviləmiz var.

 

- İndidən müqavilə müddətini uzatmaq üçün...

- Bizim elə bir münasibətimiz formalaşıb ki, aramızda rəsmi müqavilə olmasa belə, heç bir problem yaşamarıq. Olduqca səmimi münasibətimiz var. Ona tam etibar edirik (sport24.az).

Xəbər xətti