Rövşən Hüseynli: "Portuqaliya ilə qarşılaşmağı çox istəyirdim" MÜSAHİBƏ

10:14 - 5 Fevral 2018

Sloveniyanın paytaxtı Lyublyanada təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən millimiz D qrupunda son oyununu keçirib. İspaniya ilə qarşılaşmada məğlub olan yığmamız 1/4 finalda Portuqaliya ilə üz-üzə gələcək. İspanlarla duelin ən yaxşısı isə mübahisəsiz qapıçı Rövşən Hüseynli idi.

 

Sportal.az xəbər verir ki, matçdan sonra qolkiper AFF-nın mətbuat xidmətinə müsahibə verib.


- Oyun gözlədiyin kimi keçdi?
- Əvvəlcədən kimə qarşı oynadığımızı bilirdik. Üstəlik, ispanların Fransaya qarşı keçirdikləri oyunu da canlı izləmişdik. Üstün, eləcə də bizim istifadə edə biləcəyimiz cəhətlərini nəzərdən keçirmişdik. Oyuna rəqib yaxşı başladı. Komandamızda az da olsa yorğunluq var idi. Çünki ispanlar bizə nisbətən daha artıq istirahət etmişdi. Ümumi götürdükdə, pis mübarizə aparmadıq. Bir epizodda ciddi səhvə yol verdik, yer seçimini düzgün etmədik.

 

- Ötən oyunda Thaqo matçın qəhrəmanı seçilmişdi. Bu dəfə inamlı oyununa görə həmin statusu sənə vermək olarmı?
- Əlimdən gələni etdim ki, komandama xeyrim dəysin. Bu cür seçimi azarkeşlər edir. Vacib olan qapıçı kimi inamlı dayanmaq idi. Düzdü, Fransaya qarşı oyunda səhvlərim oldu. Bu da ilk oyunun həyəcanından doğurdu. Çünki birinci oyunlar hər zaman çətin keçir. Bu dəfə oyunum yaxşı alındı.

 

- Günün ilk matçı olan Portuqaliya – Ukrayna görüşünü izlədin. Növbəti rəqibimiz haqda nə düşünürsən?
- Eyni səviyyəli komandalar idi. Düzdü, hər iki komandanın özünəməxsus oyun üslubu var. Ukrayna daha intizamlıdı. Portuqaliyada isə Rikardinyo birə-bir epizodlarda oyunu üzərinə götürməyi bacarır. Əlbəttə, birinci yerlə 1/4 finala yüksəlmək istəyirdik. Komandamız pis oynamadı. Məşqçimiz də rəqibi yaxşı analiz etmişdi. Minimalhesablı məğlubiyyət çox mətləbdən xəbər verir.

 

- Rikardinyo kimi oyunçunun olması rəqibə əlavə üstünlük verirmi?
- Nə gizlədim, Portuqaliya ilə qarşılaşmağı çox istəyirdim. Çünki dünya çempionatında onlara uduzmuşduq. Həmin oyunda sarı vərəqə cəzalısı olduğuma görə, iştirak edə bilmədim. Bu dəfə meydanda olacam. Revanş arzusu bizim üçün əlavə motivasiyadı. 

 

- Şansları necə dəyərləndirirsən?
- Məncə, 50-nin 50-yədi. Bura finalda oynamaq üçün gəlmişik. Çempionata da pis başlamamışıq.

Xəbər xətti