Samir Əliyev: "Çalışacağıq ki, legioner futbolçu transfer edək" MÜSAHİBƏ

00:36 - 8 Fevral 2018

"Səbail"in baş məşqçisi Samir Əliyev Sportal.az saytına müsahibə verib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Komanda mövsümün ikinci yarısına nə dərəcədə hazırdır?

- Futbolçulardan narazı deyiləm. Yaxşı hazırlıq keçdik. Komanda yaxşı vəziyyətdədir və mövsümün ikinci yarısına hazırdır.

 

- "Kəpəz"dən ayrılan Viktor Oseqeylin transferi baş tutmadı...

- Oseqeyl tibbi müayinədən keçə bilmədi və bu səbəbdən də transfer baş tutmadı. Viktor istədiyim hücumçulardan biri idi. Onun oyun stilini bəyənmişdim. "Kəpəz"dəki çıxışı yaxşı idi. Müdafiəçiləri təzyiqdə saxlayan forvarddır. Bir sözlə, Viktorun yaxşı hücumçu keyfiyyətləri var.

 

 

- Oseqeyl azad agentdir. Zədəsini sağaltdıqdan sonra "Səbail"ə gəlməsi mümkündür?

- Zədəsini sağaldandan sonra yenidən onun transfer məsələsinə baxacağıq.

 

- Transfer pəncərəsinin bağlanmasına 1 gün qalıb. Komandaya hücumçu transfer ediləcək?

- Vaxtımız azdır. Çalışırıq, əlimizdə variantlar var. Çalışacağıq ki, legioner futbolçu transfer edək. Əlimizdə hücumda çıxış edə bilən futbolçular var. İrəli xəttdə rəqabəti artırmaq istəyirik.

 

 

- Renan Tellesin komandadan göndəriləcəyi gözlənilsə də, heyətdə qaldı. Ona şans veriləcək?

- Telles özünə komanda tapa bilmədi. Bu səbəbdən klubumuzda qalacaq. Ola bilər ki, mövsümün gedişində bəzi oyunlarda ondan yararlandıq.

 

- Komandanın yeni transferi Yevgeni Koçuk Antalyada Slovakiyanın "Senitsa" klubu ilə yoxalama görüşündə dubla imza atdı. Moldovalı futbolçu komandanı arxasınca apara biləcək potensiala sahibdir?

- Koçuka güvənirik. Yaxşı keyfiyyətlərə malikdir. 24 yaşı var və üstəlik, Avropa təcrübəsi var. Yevgeni həm də Moldova yığmasının üzvüdür. İnanırıq ki, özünü yaxşı tərəfdən göstərəcək.

 

 

- Uzun fasilədən sonra "Səbail" Topaz Premyer Liqasının 15-ci turunda "Keşlə" ilə qarşılaşacaq. Rəqibinizdə baş məşqçi də daxil olmaqla, demək olar ki, bütün heyəti dəyişib...

- Demək olar ki, bütün komandalarda ciddi dəyişikliklər oldu. Antalyada rəqibimizin oyununu izləmişəm. Futbolda hər bir nəticə qeydə alına bilər. "Keşlə"yə qalib gələ bilərik. Niyə də olmasın? Hər şey baş verə bilər.

Xəbər xətti