Kristian Karambö: "Azərbaycan millisi son illərdə inkişaf edir"

13:29 - 9 Fevral 2018

Dünya çempionatının kubokunun bu gün Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün Bakıya gətirilib.

 

Sportal.az xəbər verir ki, dünya kubokunu Bakıya gətirən sabiq futbolçu Kristian Karambö bu gün mətbuat konfransında iştirak edib. Fransa millisinin keçmiş üzvü mətbuat konfransında bunları deyib:

 

"Bakı çox müasir şəhərdi. İdman şəhərinə gəldiyim üçün sevinirəm. Azərbaycan millisi son illərdə inkişaf edir. Sabiq baş məşqçi Robert Prosineçki ilə yığmanız inkişaf etdi. İnanıram ki, gələcəkdə futbolçularınız böyük uğurlara imza atacaq. Artıq növbəti dünya çempionatlarında 48 komanda iştirak edəcək. Ümid edirəm ki, Azərbaycan da mundiallara qatıla biləcək. Mən dünya kubokunu Azərbaycana gətirdiyim üçün çox sevinirəm. ".

 

Karambö DÇ-2018-də Fransa yığmasının da şanslarını dəyərləndirib: "20 il əvvəl Fransa dünya çempionu olmuşdu. Bu il yubileydir. Bəlkə də Fransa qazana bilər. Amma favoritlər də az deyil. Braziliya, Almaniya, Argentina və elə ev sahibi Rusiyanın da adını çəkə bilərəm".

 

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib:

 

"Bu kubok ilk dəfədi Bakıya gəlir. Dünya kubokunu ancaq üç cür görmək mümkündü: ya gərək yığma komanda bu trofeyi qazansın, ya da ölkə dünya çempionatına ev sahibliyi etsin. Sonuncu isə bu kuboku dünya turu nəticəsində görməkdi”.

 

Dünya kuboku bu gün “Gənclik Mall” ticarət mərkəzində nümayiş etdiriləcək.

Xəbər xətti