Aslan Kərimov: "Qurban Qurbanovun nüfuzunun artması bizim məşqçilərə də yol aça bilər"

"Əminliklə söyləyirəm ki, bilik və savad baxımından azərbaycanlı mütəxəssislər zəif deyillər. Nəinki keçmiş SSRİ məkanında, hətta İspaniyanın özündə belə futbol savadı bizimkilərdən güclü olmayan mütəxəssislərə etimad göstərilir, onlara komanda tapşırılır".

 

Sportal.az xəbər verir ki, bu fikri futbol mütəxəssisi Aslan Kərimov səsləndirib. Azərbaycanlı məşqçilərin ölkə xaricindən təklif almamasına münasibət bildirən Kərimov bunun səbəblərini belə izah edib:

 

"Sanki daşlamış stereotiplər var. Misal üçün, braziliyalı futbolçu deyəndə hamının gözünün önünə texnikalı futbolçu gəlir. Halbuku orda da xeyli artıq çəkisi olan, yöndəmsiz, oynamağı bacarmayan futbolçular var. Bu məqam futbolun marketinq tərəfidir. İstər-istəməz qəbul etməliyik ki, Gürcüstan futbolu Qafqaz ölkələri arasında lider olub, bizi xeyli qabaqlayıblar. Bu baxımdan da gürcü məşqçinin hardasa özünə iş tapması, etibar qazanması daha asan olur, nəinki azərbaycanlının. Eyni sözləri ukraynalılar haqda da demək mümkündür. Onlara inanırlar. Futbolda böyük nailiyyətimiz olmadığına görə bizə inamsızlıq yaranıb. Lap elə futbolu yaxşı bilsən, istedadlı olsan belə, sənə etimad göstərməyi risk sayırlar. Qurban Qurbanov nümunəsinə baxaq. Artıq özünü sübut etməyi, yetərincə ciddi uğurlar qazanmağı bacarıb. Bunu hamı qəbul edir. Amma heç kim təminat verə bilməz ki, Qurban müəllim Türkiyədə hansısa klubu çalışdırsa, orda uğur qazanacaq. Qazanmaya da bilər. Klaudio Ranyeri çempion oldu, sonra başqa nailiyyəti olmadı. Belə misallar var. Bu baxımdan ölkədən çıxan məşqçilərin imici vacibdir. Daha sonra isə məşqçinin bir qədər bəxti də olmalıdır. Ciddi sözümdür. Təkcə savadlı və istedadlı olmaq yetmir. Futbolda bəxt amili də rol oynayır. Bu baxımdan indiki şəraitdə azərbaycanlı məşqçinin ölkədən kənara çıxıb, işləməsi bir qədər çətin görünür. Bəlkə də, "Qarabağ”ın uğurları, Qurban Qurbanovun nüfuzunun artması bizim məşqçilər üçün də gələcəkdə hansısa yollar açacaq". (sportline.az)

Tarix: 9 Fevral [14:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio