Böyükağa Hacıyev bu gün evinə buraxılır

10:10 - 12 Fevral 2018

AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan bu gün evinə buraxılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov məlumat verib.

 

Onun sözlərinə görə, artıq Hacıyevin vəziyyətində sabitlik yaranıb: "Böyükağa müəllim xəstəxanamıza çox ağır diaqnozla daxil olmuşdu. Buna baxmayaraq, onun ürəyinə iki stent qoyaraq, vəziyyətində sabitlik yarada bildik. Artıq hərəkətliliyi var, çətinliklə də olsa, danışa bilir. Sadəcə, əvvəlcədən başqa xəstəliyi də olduğu üçün onun müalicəsini də davam etdirməlidir. Bu məqsədlə biz pasiyentimizi evinə yazacağıq və o, həmin xəstəliyini öz həkimlərinin yanında davam etdirəcək".

 

Qeyd edək ki, Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanaya fevralın 7-də kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub. Onun ürəyinə iki stent qoyulub. Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarəti altında olması zəruridir.  (Report)

Xəbər xətti