“Səbail”in yeni transferi: “Mənim üçün azarkeş sayı önəmli deyil”

12:12 - 19 Fevral 2018

“Xoşbəxtəm ki, bura gəlmişəm. Oyuna gəlincə, çox çətin keçdi. Rəqib haqda məlumatım var idi. Bilirdim ki, “Qarabağ” yaxşı komandadır. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Təəssüf ki, məğlub olduq. Gərək bu oyunu unudaq. Gələn görüşlərdə məğlub olmamaq, daha yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni etməliyik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının 16-cı turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra “Səbail”in yeni transferi Faruk Miya deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan uqandalı yarımmüdafiəçi bəxtlərinin gətirmədiyini bildirib:

 

“Oyunun gedişində müəyyən səhvlər etdik. Bununla yanaşı, qol imkanlarımız da oldu. Bir az da bəxtimiz gətirmədi. Ümumi götürsək, pis oynamadıq”.

 

Belçikanın “Standart” klubundan icarəyə götürülən gənc futbolçu azarkeş amilini elə də önəmli saymır: “Təbii ki, “Standart”da dolu tribunalar qarşısında oynamışam. Amma mənim üçün azarkeş sayı o qədər də önəmli deyil. Meydana çıxanda özünə inanırsansa, rəqib azarkeşlərin təzyiqi bir o qədər rol oynamır”.

Xəbər xətti