Ayxan Abbasov: "Belə hallarda daha da güclü olmalıyıq" MÜSAHİBƏ

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib.

 

Sportal.az xəbər verir ki, AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq (3-ü şərti olmaqla) cəzalandırılan gənc mütəxəssis həm qərara münasibət bildirib, həm də “Neftçi” ilə qarşıdakı turda keçirəcəkləri oyundan danışıb.

 

- “Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?

- Hər şey qaydasındadır. Hazırlıqlarımız normal şəkildə davam edir. Düzdür, “Qəbələ”yə məğlubiyyətdən sonra uşaqlarda ruh düşkünlüyü vardı. Bilirik ki, çətin oyun olacaq. Ardıcıl 2-ci görüşdür ki, səfərdə oynayacağıq. Bizə lazım olan nəticəni əldə etmək üçün maksimum çalışacağıq.

 

- Özünüz də qeyd etdiniz ki, “Qəbələ” səfərindən sonra futbolçularda ruh düşkünlüyü vardı. Komandanı psixoloji gərginlikdən tam çıxara bilmisiniz?

- Futbolçularla söhbət eləmişik. Bilirik ki, belə hallarda daha da güclü olmalıyıq. Əgər bir olsaq, vəziyyətdən çıxmaq asan olacaq. Futbolda belə şeylər olur. Bu cür təzyiqlərə hazır olmalıyıq. Çətin olduğunu bilirik, amma çalışacağıq.

 

- AFFA İntizam Komitəsi sizə 5 oyunluq cəza verdi. Düzdür, bunun 3 oyunu şərtidir. Amma istənilən halda qarşıdakı 2 turda texniki zonada olmayacaqsınız. Qərara münasibətinizi bilmək maraqlı olardı...

- Bu haqda danışmaq istəmirəm. Cəza veriblər. İstəmirəm yenidən mətbuatda bu olay haqda yazılar getsin. Qarşıda çətin oyunumuz var. Matçdan sonra müəyyən suallara cavab verərəm.

 

- Aparıcı futbolçularınızdan Riçard Qadze, Sadio Tounkara və Milan Duriç cəza səbəbindən “Neftçi” ilə görüşü buraxacaqlar. Onların yoxluğu komandanın oyununa nə dərəcədə təsir edə bilər?

- Əlbəttə, belə çətin oyunlarda heç bir futbolçunu itirmək istəmərik. Amma digər futbolçularımız, inanıram ki, onların yoxluğunu hiss etdirməyəcəklər. Bizdə belə hallar olub. Zədə və cəzaya görə bəzi futbolçularımız meydana çıxmayıblar. Ümumiyyətlə, çempionat boyu rotasiyalar edirik. Çalışacağıq ki, oyunumuza təsir etməsin.

 

- Zədəli futbolçuların vəziyyəti nə yerdədir?

- Anar Nəzirovla Jozef Bum komanda ilə birlikdə məşq edirlər. Qarşıdakı oyunlarda forma şansı qazana bilərlər.

 

- “Neftçi” ilə görüşdə meydana çıxa bilərlər?

- Hər ikisinin adı 18-likdə olacaq. Hazırda bizi narahat edən onların oyun təcrübələri olmamasıdır. Anarı əvəzedici komandada oynadacağıq ki, təcrübə qazansın. Bumun da təcrübəsi var. Gələn oyunlarda meydanda görə bilərik.

 

- “Neftçi”də prezident dəyişikliyi baş verdi. Kamran Quliyevin açıqlamalarından hiss olunur ki, bundan sonra meydanda tamam başqa “Neftçi” olacaq...

- Mənim bu barədə nəsə deməyim klubun işinə qarışmaq kimi çıxar. “Neftçi” bizim rəqibimizdir.
İstənilən dəyişiklik ola bilər. Onlara uğurlar arzu edirəm. Yeni prezident gələndən 2-ci oyunlarıdır. Hər bir komandada dəyişiklik baş verəndə canlanma olur. Amma bu, bizi qorxutmur. Heç bu haqda fikirləşməmişik. 

 

- Yeni transferlərin çıxışı barədə nə deyə bilərsiniz?  Gələnlər gedənlərin boşluğunu doldura bilirlərmi?

- Gələnlər gedənlərdən zəif deyillər. Hamısı bizi qane edən futbolçulardır. Amma qısa zamanda futbolçuların uyğunlaşması çox çətindir. Heyətimizə baxsaz, iki turda 5 yeni futbolçu meydana çıxıb. Bu, bizim üçün bəhanə olmalı deyil. Amma onların tez bir zamanda oyun üslubumuza uyğunlaşması çətindir. Bizimlə təlim-məşq toplanışında olanlar bu gün daha rahatdılar. Onlara daha asandır. Ancaq toplanışdan sonra komandaya qoşulanlar üçün müəyyən çətinliklər var. Onlara vaxt lazımdır. Oyundan-oyuna, görünür ki, komandaya uyğunlaşırlar. Lakin yenə deyirəm, bu, bizim üçün bəhanə deyil. Çempionat güclənir. Hər tur qalib gəlmək, xal almaq çox çətindir. Biz bu transferləri edəndə hər şeyi nəzərə almışdıq. Demişdim ki, ilk 3 tur bizim üçün çox çətin olacaq. Həm rəqiblər güclüdür, həm də komandamızda yeni futbolçular var. İnanıram ki, sonda biz bunun faydasını görəcəyik.

Tarix: 23 Fevral [13:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio