Qardaşını bıçaqlayan Hüseynov: "Cəbrayılın havasını Tovuzdan alıram" Həyat hekayəsi

15:19 - 23 Fevral 2018

Fevralın 14-ü  “Turan"ın yaranma günüdür. 26 il əvvəl - 1992-ci ilin məhz bu günündə Azərbaycanda ilk Peşəkar Futbol Klubu təsis edilib, 9 gün sonra – fevralın 23-də isə rəsmi qeydiyyatdan keçib. “Turan"ın yaranmasında, komandanın formalaşmasında, Tovuz futbolu adına qazanılan uğurlarda başda Vidadi Əhmədov olmaqla çox insanın əməyi olub. Onlardan biri də Vəli Hüseynovdur. Çoxlarının tovuzlu kimi tanıdığı, komandanın qurulmasında yaxından iştirak edən, “Turan"ın ilk qolunun müəllifi kimi adını Tovuz futbolunun tarixinə yazdıran, tovuzlu azarkeşlərin yaddaşında çılğın xarakteri ilə qalan... bir də mətbuatda görünməyi xoşlamadığı üçün həmişə jurnalistlərdən qaçan Vəli. “Saqqızımı oğurladın", elə bilirdim ki, ancaq Tovuzdan söhbət edəcəyik" deyən veteran futbolçu ilə çox mətləblərə toxunduq. Bəlkə də illər əvvəl eyni vaxtda bir komandanın parçası olduğumuz üçün söhbətimiz açıq alındı... 

 

“Məqsədim qardaşımı bıçaqlamaq idi" 

...Bilsək, dünyaya gəlməzdik,

Analar aldatdı bizi... 

 

Sevimli şairimiz Ramiz Rövşənin təbirincə desək, 1971-ci il martın 8-də anası Gülü xanım Vəlini “aldadıb". Başqa sözlə, Gülü xanıma verilən ən dəyərli 8 Mart hədiyyəsi... Sənəddə isə o vaxtlar məşhur “posle avqusta" söhbətinə görə doğum günü 8 dekabr göstərilir.

 

Vəli Hüseynov Cəbrayıl şəhərində anadan olub. Hüseynovlar ailəsində 7 uşaq böyüyüb - 5 qardaş, 2 bacı. Vəli ailənin 6-cı övladıdır. Sovet dönəmində internat məktəbləri yaxşı mənada ad çıxarmayıbmış. Camaatda belə bir təsəvvür formalaşmışdı ki, orada tərbiyəsiz, kimsəsiz uşaqlar təhsil alırlar. Vəlinin bəxtindən orta məktəb həyatı internatlarda keçib. Yox, nə tərbiyəsiz olub, nə də kimsəsiz. Hətta deyərdim ki, ailənin ən sevimli uşağı idi. Ticarətlə məşğul olan atası Hüseyn kişi Vəlinin xətrini çox istəyib, səhv etdi-etmədi, daim onun tərəfini saxlayıb. Sadəcə, Cəbrayılın mərkəzindəki internat məktəbi onların evinin yaxınlığında yerləşirdi. Şəhər stadionu da həmçinin. Məhz bu üzdən Vəli 8-ci sinifə kimi həmin internat məktəbində təhsil alıb. Futbolla 10-11 yaşından məşğul olmağa başlayıb. Paralel olaraq güləş məşqlərinə gedib. Müəyyən uğur da qazanıb, zona yarışlarında çempion olub. Amma futbola olan həvəsi güləşi “sıradan çıxarıb". 8-ci sinifdə məşqçisi Rauf Qasımov Vəlini və onun bir neçə həmyaşıdını Bakıdakı idman təmayüllü internat məktəbinə gətirib: “Evdə Bakıya gəldiyimi bilsəydilər, qiyamət qopacaqdı. Qardaşım Mehman fəhləliklə qazandığı 30 rublu verdi ki, qorxma, get, evdəkilərlə özüm danışıb hər şeyi yoluna qoyaram. Rauf müəllim bizi Bakıya gətirdi, yoxlanışdan keçdik. Lakin məktəbdə qalmağa yer olmadığından Cəbrayıla qayıtdıq. Sentyabrda dərslər başlayanda yenidən Bakıya gəlib ikinci dəfə sınaqlardan uğurla keçdim və məktəbə qəbul oldum. Buna kimi Mehman valideynlərimi çətinliklə də olsa, razı sala bilmişdi".

 

Çəlimsiz, arıq uşaq olan Vəli özünə görə deyilmiş, dalaşqan, söz götürməyən birisiymiş. Hətta bir dəfə... Özü danışsa yaxşıdır: “Böyük qardaşım Mustafa təbiətcə çox güclü idi. Zahirən “7 oğul istərəm" filmindəki Mirpaşaya bənzədiyindən hamı onu “Mirpaşa" deyə, çağırırdı. Mustafanın qorxusundan rayonda kimsə bizə güldən ağır söz demirdi. Bir dəfə Mustafa məndən pencəyini gətirməmi istədi. Mən də “özün get götür də" deyə, kobud cavab verdim. “Mirpaşa" məndən 6 yaş böyükdü, hirslənib mənə 3-4 sillə vurdu. O qədər əsəbləşdim ki, bıçağı götürüb qapının arxasında gizləndim, onun evdən getməsini gözlədim. Məqsədim qardaşımı bıçaqlamaq idi. “Mirpaşa" evdən çıxanda onu bıçaqla vurdum. Yaxşı ki, zərbə qolundan dəydi. Bıçağı buraxıb qaçdım, 3 gün evə gəlmədim, qohumlarımgildə qaldım. Qağamın sayəsində ara sakitləşdi, günahımdan keçdilər".

 

Böyük qardaşın sillələri şükürlüymüş. Vəli bir neçə il sonra həyatın elə silləsini dadacaqdı ki... 

 

“Mənə deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." 

 

...Həmin sillə Vəliyə Cəbrayıl işğal olunanda dəyəcəkdi: “Yadıma düşəndə az qalır ürəyim partlasın. Cəbrayıl haqqında xatirələrin sayı-hesabı yoxdur, danışmaqla qurtarmaq olmaz... Kəhrizimiz var idi. O qədər böyük idi ki, uşaqlar orada çimirdilər. Ən çox o kəhrizin suyundan ötrü darıxmışam. 2 qardaşım Qarabağ savaşında vuruşub. Mustafa topçu idi, Valeh isə rabitəçi. Ermənilər danışıqlara qulaq asanda başa düşməsinlər deyə, ilk dəfə “qarğa dili"ndən Valeh istifadə edib. Yəni, sözləri tərsinə deyib. Məsələn, “qarğa dili" - “ağraq ilid"... Müharibə təzə-təzə başlayanda mən də vuruşmaq istəyirdim. Amma idmançı olduğum üçün qoymurdular. Məcbur olub əsgərlərə güllə, mərmi daşımaqla onlara kömək olmağa çalışırdım...

 

...Cəbrayıl 1993-ci il avqustun 23-də işğal olunub. Sonuncu dəfə işğaldan 1 ay əvvəl rayonumuzda olmuşam. Cəbrayılın ermənilərdə olduğunu, amma bunun gizlədildiyini eşitmişdim. Ürəyim rahat olsun deyə təcili tibbi yardım maşını tutub rayona getdim. Çünki mülki şəxslərin avtomobillərini buraxmırdılar. 1 gün evimizdə qaldım. Rayonda sakitlik idi. Uzaqdan mərmi, güllə səsləri eşidilsə də, şəhərin özündə qorxmalı bir şey yox idi. Cəbrayılın işğal xəbərini ilk dəfə “Cəfər”dən (Nizami Sadıqov - İ.T.) eşitmişəm. Tovuzun Xatınlı kəndindəydik. Mənə deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər, az qaldı dünya başıma fırlansın. “Cəfər" məni sakitləşdirə bilmirdi. Ona yalvarırdım ki, Etibarla Zöhrabın dəstəsinə gedək, vuruşmaq istəyirəm. Axırda sakitləşmədiyimi görüb məni Tovuzun sərhəd kəndlərindən birinə apardı. Ermənilərə tərəf neçə daraq güllə atdıqdan sonra bir qədər toxdadım. Yaxşı ki, o vaxt Tovuzdaydım. Yaxşı ki, Tovuz var. Cəbrayılın havasını Tovuzdan alıram..." 

 

“Karyeramın ən gözəl illərini Tovuzda keçirmişəm" 

 

Vəli Hüseynov 3 il Bakıdakı idman təmayüllü internat məktəbində həm təhsil alıb, həm də Rəhman Tağıyevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Futbolçu olmağında ən çox iki insana - ilk məşqçisi Rauf müəllimə və Rəhman Tağıyevə borclu olduğunu deyir. Gələcəyin bir çox tanınmışları ilə birlikdə özünün dediyi kimi kazarma həyatı yaşayan Vəlinin ilk klubu “Bakılı" olub. “Bakılı"ya kimi isə “Neftçi”nin əvəzedicilərində oynayıb: “İnternatda Tərlan Əhmədov, Elşad Əhmədov, Mais Əzimovla bir vaxtda oxumuşuq. 17 yaşında Ağasəlim Mircavadov məni “Neftçi"nin əvəzedici heyətinə çağırdı. İlk oyunumu Bakıxanov qəsəbə stadionunda “Zenit"ə qarşı keçirmişəm. Daha sonra Ağasəlim müəllimin məsləhəti ilə “Bakılı"ya keçdim. Baş məşqçimiz Rafiq Əlizadə idi. İlk maaşımı elə orada almışam. 250 rubl idi. Bundan başqa bizə yemək talonu da verirdilər. 6 ay sonra Sergey Kramarenko məni Lənkərana çağırdı. Bir müddət də “Xəzər"də oynadıqdan sonra əsgərlik yaşım çatdı".

 

Vəli hərbi xidməti 1991-92-ci illərdə OİK-də keçib. Həmin illər Qurban Qurbanov, Vadar Nuriyev, Elbrus Məmmədov, Etibar Şükürov və digərləri ilə bir yerdə həm əsgərlik çəkib, həm də futbol oynayıb. İlyarımdan sonra karyerasının “Turan" səhifəsi" başlayıb: “Klub 1992-ci ilin fevralında yaradılmışdı. Amma komanda hələ tam formalaşdırılmamışdı. “Turan" “Abuzərin çayxanası"nda yığılıb. “Abuzərin çayxanası" Gənclikdə, metronun üstündə idi. Futbolla bağlı kimi axtarsan, orada tapmaq olardı. Əsgərlikdən sonra bekar idim. “Turan"a getməyim barədə təklifi həmin məkanda klubun adminstratoru “Qara" İmandan (İman Həsənov - İ.T.) almışam. Mən, Etibar Tarverdiyev və Elfariz İsayev getdik Tovuza. Vidadi Əhmədovla görüşdük, razılaşdıq. Tovuz stadionunun yenidən tikilməsində fəhləlik etmişik. Çətin günlər idi. Yəni, komanda, stadion yeni-yeni qurulurdu deyə, müəyyən çətinliklər var idi. Təsəvvür edin ki, baza tikilənə kimi 20 nəfər bir otaqda qalırdıq. Tədricən yavaş-yavaş hər şey qaydasına düşdü, Vidadi müəllim “Turan"ı Azərbaycanın həm güc, həm də peşəkarlıq baxımından ən yaxşı komandalarından biri etdi. Karyeramın ən gözəl illərini Tovuzda keçirmişəm. Ən yaxın dostlarımı “Turan"da qazanmışam. Nizami Sadıqov, Qurban Qurbanov, Hüseynqulu Quliyev... Rayon camaatı da yaxşı idi, gəlmələrə həmişə xoş münasibət göstərirdilər. Tovuz mənə Cəbrayılı xatırladırdı. Orada özümü Cəbrayıldakı kimi hiss edirdim. Elə indi də belədi". 

 

“Tovuzda o qədər “konsert" olub ki..." 

 

- Maraqlıdır, “Turan" Vəliyə nə qədər “podyomnı" təklif etmişdi?

- O vaxt ya ev verirdilər, ya da avtomobil. Mənə Əmircanda ev verdilər. Sonradan satdım o evi. Vidadi müəllim komandaya yaxşı baxırdı. O dövr üçün ən çox pul bəlkə də “Turan"da idi. Hər qələbədən sonra mükafat alırdıq. Hərdən elə olurdu ki, oyunumuz Vidadi müəllimin xoşuna gələndə məbləği artırırdı. Yaxşı yadımdadır, çempion olan ili Gəncədə “Kəpəz"i məğlub etdikdən sonra avtobusda uşaqlara təşəkkür edib alacağımızın ikiqatını ödəyəcəyini dedi. Dediyini də elədi.

 

- “Kəpəz"lə oyundan danışacağıq. Eşitdiyimə görə, Vidadi Rzayev və Qurban Qurbanovun “Turan"a gəlişində sənin rolun olub.

- Rolum olub deyəndə, onlarla danışığa mən də getmişəm. Musa ilə Qurbana görə İmanla Zaqatalaya getdik. Qurban onda gənc idi, “Daşqın"da oynayırdı. Qurban keçmişini unutmayan nadir insanlardandır. Onun haqqında o qədər xoş sözlər demək olar ki. Qurbanın necə adam olduğunu bilmək üçün onunla ancaq yoldaşlıq etmək lazımdı...

 

Vidadiyə görə isə Qroznıya maşın sürmüşdük. Bilirsən, mən “Turan"a gələnə kimi komandada futbolçular var idi. Əsas da yerli futbolçular - rəhmətlik Sakit Alıyev, Nizami Sadıqov, Nizami Ocaqverdiyev, Elxan Abdıyev...

 

- Və həmin komanda ilk çempionatımızda 3-cü yeri tutdu.

 

- Yaxşı heyətimiz var idi. İlk çempionatda 26 komanda iştirak etsə də, onlardan yalnız 3-4-də maliyyə vəziyyəti yaxşı idi. Üzdə olan futbolçular da məhz həmin komandalarda toplaşmışdılar. “Turan" ilk oyununu Gəncədə güclü “Kəpəz"ə qarşı keçirdi. 1:2 hesabı ilə məğlub olduq. Amma buna rəğmən qrupda 1-ci yeri tutduq və final mərhələsinə vəsiqə qazandıq. Yeni qurulmuş komanda üçün birinci ilində bürünc medal qazanmaq böyük uğur idi.

 

- Vəli Hüseynov “Turan"ın ilk qolunun müəllifi kimi klubun tarixinə düşüb. Bu faktı bilirdin?

- Sən deyənə kimi heç fikir verməmişdim. Doğrudan da, “Kəpəz"lə oyunda qolu mən vurmuşdum.

 

- “Turan"ın adı çəkiləndə ilk olaraq 1994-cü ildəki çempionluq yada düşür.

- Tovuzda o qədər “konsert" olub ki (gülür).

 

- Elə o “konsertlər"dən danışsan, pis olmaz.

- Bilirsən, səfər oyunlarında bizə qarşı o qədər haqsızlıqlar olurdu ki. Məcbur edirdilər əvəzini Tovuzda çıxaq. “Kəpəz"lə Gəncədəki oyun yadınızdadır?

 

- Vəli, “Neftçi" ilə Tovuzdakı oyun da yadımdadı.

- Hər 3 komanda çempionluğa oynayırdı. “Kəpəz"dən Gəncədə xal almaq demək olar ki, mümkün deyildi. Amma biz bunu bacardıq. 3:1 hesabı ilə qalib gəldik. Oyundan sonra bizi necə döydülərsə...

 

- Səni də vurmuşdular?

- Məni hələ oyunun gedişində təpikləmişdilər. Oyunun axırıncı dəqiqəsində İmamyar Süleymanov məni söydü, mən də cavabını verdim. Arxadan vurdular, yerdə qaldım. Həmin dəqiqə də oyun qurtardı. Soyunub-geyinmə otağına hamıdan axırıncı mən getdim. İçəri girəndə əksər futbolçuların ağız-burunlarının qan içində olduğunu gördüm. Ən çox “Cəfər"i döymüşdülər, halı yox idi. Həmin hadisələrlə bağlı gülməli bir əhvalat danışım. Deməli, oyundan sonra komanda yoldaşım Elxan Müslümov birtəhər özünü hamıdan əvvəl “razdevalkaya" çatdırıb. Azarkeşlərin ora gələcəyindən qorxan Elxan hamama girmək istəyəndə görüb ki, qapı bağlıdı. İçəridəki adamdan nə qədər qapını açmasını istəsə də, həmin adam açmayıb ki, yer yoxdu. Sonradan içəridəkinin komandanın həkimi olduğu bilinib. 20-30 nəfərin yerləşə biləcəyi hamamda tək imiş, qorxusundan qapını açmayıb.

 

- Bəlkə bir az “Neftçi" ilə oyundan danışaq?

- “Kəpəz"lə oyundan sonra “Neftçi"ni qəbul edirdik. Gəncədəki hadisələrdən sonra futbolçuların çoxu zədəli halda meydana çıxdı. “Neftçi"yə də, bizə də heç-heçə sərf etmirdi. Həmin oyunda Hüseynqulu oynamadığı üçün meydana axırıncı müdafiəçi kimi çıxmışdım. Birinci hissədə Mirbağır İsayev qapımıza qol vurdu. İkinci hissənin sonlarına yaxın Musa Qurbanov hesabı bərabərləşdirdi. “Neftçi"nin futbolçuları qolun qaydalar çərçivəsində vurulmadığını iddia edib meydandan çıxmaq istədilər. Amma nədənsə fikirlərindən daşındılar. Doğrudur, meydanda qaldılar, amma oynamadılar. Mərkəzdən başlayıb topu bizə verdilər, Rövşən Əhmədov da qol vurdu. Bundan sonra oyun qurtardı. Bilirsən, o dövr üçün meydanda döyülmək, oyunu yarımçıq tərk etmək, hakimlərə təzyiq, rəqiblə danışığa gedərək oyun almaq və s. adi hal idi. 

 

“Karpız tutan kaleçi" 

 

“Turan"ın Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil etməsi haqqında çox danışılıb, “Fənərbaxça" ilə oyunlardan əvvəl və sonra baş verənlərdən çox yazılıb. Vəlinin də qardaş ölkə təmsilçisi ilə bağlı xatirələri az deyil: “Fənərbaxça" ilə ilk oyundan sonra mənə elə gəldi ki, biz futbol oynamamışıq. Oyundan 1 saat əvvəl stadionla tanış olmaq üçün meydana çıxdıq. Vallah, elə uşaqlar oldu ki, tuneldən geri qayıtdılar. Meydana çıxmağa qorxdular. Elə ab-hava ilə heç yerdə rastlaşmamışdım. Oyunun necə başlayıb necə qurtardığını hiss etmədik. Ayağımıza top dəyirdi ki. Ancaq qaçmaqla, rəqibə çox qol vurmaması üçün mane olmaqla məşğul idik. Artığına gücümüz çatmırdı. Amma Sumqayıtdakı cavab oyununda yaxşı oynadıq. O vaxt demək olar ki, heç kimdə beynəlxalq təcrübə yox idi. Avropa futbolundan xəbərsiz idik. Tədricən yavaş-yavaş düzəlməyə başladıq. Haşiyə çıxım, “Qarabağ"ın heyətində Makkabinin “Hayfa" komandasını yarışlardan kənarlaşdıranda (Makkabi (Hayfa) - “Qarabağ" 1:2, 1:0 - İ.T.) artıq, müəyyən qədər təcrübəmiz var idi. “Makkabi"ni keçməyimizin bir səbəbi də rəqibin bizi saya almaması idi. Sözümün canı budur ki, bir qədər təcrübəmiz olsaydı, “Fənərbaxça" ilə fərqli oyun nümayiş etdirərdik. Demirəm onları mərhələdən kənarlaşdırardıq. Heç olmasa, daha yaxşı nəticə göstərə bilərdik".

 

“Turan"ın İstanbul “macəra"sı zamanı xeyli maraqlı hadisələr baş verib, duzlu-məzəli əhvalatlar az deyil. Onlardan birini də Vəlinin dilindən biz danışaq. Deməli, “Fənərbaxça" ilə oyundan əvvəl Vəli Nizami Sadıqovla otelin foyesində əyləşibmiş. Bu vaxt yerli jurnalistlərdən biri “Cəfər"ə yaxınlaşaraq: “nasıl oldu, kaleciliyi seçtiniz?" deyə, sual verib. “Kalecimiz" də jurnalistlərlə zarafat etmək istəyib və suala “qaprız tuta-tuta" cavabını verib. Ertəsi gün qəzetləri “karpız tutan kaleçi" manşeti bəzəyibmiş. Türkiyəli həmkarlarımız “kaleçi”mizin sözlərini ciddiyə alıblarmış.

 

Bir dodaqqaçıran əhvalat da “Turan"dakı dövründən... Ruslan Abdullayevin baş məşqçi olduğu vaxtlar komanda Cəlilabada səfər etməliymiş. Futbolçular sözü bir yerə qoyub “Ümid"lə oyuna komandanın avtobusu ilə deyil, şəxsi avtomobilləri ilə gediblər. “Onsuz da “Ümid" zəif komandadı, 3-4 dənə vurub qayıdacağıq" fikri ilə yola çıxan futbolçuların bu hərəkəti Ruslan müəllimin xoşuna gəlməyib. Gerisini Vəlinin özündən eşidək: “Komanda elə də güclü deyildi. Həm də neçə vaxt idi ki, futbolçular maaşlarını almırdılar. Oyundan əvvəl rəqibin bir neçə futbolçusu bizə yaxınlaşıb “200 dollar verin, 2 xal halal xoşunuz, neçə aydı ki, maaş almırıq" deyə, bildirdilər. Onsuz da oyunu rahat udacaqdıq deyə, razı olmadıq. Yalandan 200 dolları havaya niyə atmalıydıq? Vaxt yetişdi, oyun başlamır. “Ümid"in cəmi 10 futbolçusu var, 1-i çatmır. Bir də baxdıq ki, stadiona bir traktor girdi. Arxa-arxaya verib qapının arxasında saxladı. Şofer traktordan düşüb əlcəyini geyinə-geyinə meydana çıxdı. Demə, komandanın qapıçısı həmin traktorçu imiş. Ən gülməlisi o oldu ki, həmin oyunda qalib gələ bilmədik". 

 

“Elə çətin bir vəziyyətdə “Qarabağ"ı yaşada bildik" 

 

Vəli sevimli komandasından 1995-ci ildə ayrılıb. Özü də hansısa narazılıqla yox, halallıqla. “Turan"dan gedişinin əsas səbəbləri Cəbrayılın işğalından sonra ailəsinin Bakıda məskunlaşması və Gülü xalanın xəstə olması idi. Ailəsinin yanında olmaq istəyən Vəli klubun prezidenti Vidadi Əhmədovla görüşüb: “Vidadi müəllim gözəl insandı. Vəziyyəti ona izah etdim. Anlayışla qarşıladı. Alacaqlarım qəpiyinə kimi ödəndi. Hətta mənə təklif etdi ki, komanda ABŞ-a gedir. “Turan" üçün bu qədər əziyyət çəkmisən, ora get, sonra yenə azadsan. Demək istəyirəm ki, aramızda zərrə qədər də inciklik olmadı".

 

Veteran futbolçumuz “Turan"dan sonra bir neçə komandanın şərəfini qoruyub - “Xəzri", “Dinamo" (Bakı), “Qarabağ", “Bakılı", “Ümid" (Bakı), “Şahdağ" və “Gənclərbirliyi" (Sumqayıt). “Turan"la qazandığı 2 bürünc, 1 gümüş və 1 qızılın ardınca, çempionatda “Xəzri" və “Dinamo" ilə  2-ci, “Qarabağ"la isə 3-cü olub. “Xəzri"nin (1996/97) və “Qarabağ"ın (1999/2000) heyətində  Azərbaycan Kubokunun finalına çıxsa da, hər iki halda kuboksuz qalıb. Həlledici oyunlarda “Xəzri" də, “Qarabağ"da “Kəpəz"ə uduzub. Uyğun olaraq 0:1 və 1:2 hesabı ilə. Vəli ardıcıl 7 mövsüm medal qazanan nadir futbolçulardandır. Maraq üçün qeyd edək ki, rekord Mahmud Qurbanova məxsusdu. “Professor" 1993/94 - 2004/05 mövsümlərində keçirilən 10 çempionatın hamısında medalçılar sırasına düşüb. Medallardan 8-i qızıl, 2-i isə bürüncdür.

 

Heç vaxt xarici klublardan təklif almadığını deyən həmsöhbətim karyerasının ən çətin günlərini “Qarabağ"da keçirdiyini söyləyir: “Bir ara komandanın maliyyə vəziyyəti olduqca pisləşmişdi. Aylarla maaş almırdıq, komanda borc-xərc içində itib-batırdı. Sürücümüz var idi, dolanışığı yaxşı deyildi. 10-15 manat artıq pul qazansın deyə, futbolkaları aparıb evində yuduzdururdu. Klubun ona da borcu var idi, verə bilmirdi. Sumqayıta oyuna getmişdik. Oyun başlayır, formalar yoxdu. Tələb qoymuşdu ki, ya pulumu verin, ya da forma üzü görməyəcəksiniz. Axırda xahiş- minnətlə formaları alıb oyuna çıxdıq. Təsəvvür edin ki, çempionatın axırına yaxın, komandada futbolçu qalmamışdı, əksəriyyət dağılmışdı. Dediyim budur ki, elə çətin bir vəziyyətdə “Qarabağ"ı yaşada bildik. İndi komandanın uğurlarını görəndə ən çox sevinənlərdən biri də mənəm. Çünki hansı yerdən bura gəlib çıxdığının canlı şahidiyəm".

 

Vəli karyerasını 2004-cü ildə “Gənclərbirliyi"ndə bitirib. Futboldan gedişi də qeyri-adi olub. Mahir Əliyevin dəvəti ilə “Gənclərbirliyi"nə gələn Vəli komanda ilə Antalyada təlim-məşq toplanışında olub. Daha sonra çempionat başlayar-başlamaz nədənsə Mahir Əliyevin yerinə komandaya əlcəzairli Adel Amruş gətirilib. Amruşun yerli futbolçularla münasibəti yaxşı olmayıb. “Xəzər Lənkəran"a 1:5 hesablı məğlubiyyətdən sonra məşqçi bir neçə futbolçunu zəif oynamaqda ittiham edib. Onların arasında Vəli də var imiş. Elə həmin gün Elçin Dərgahquliyev, Hüseynqulu Quliyev, Vadar Nuriyev və Vəli Hüseynov komandadan ayrılıblar. Sonradan məlum olacaqdı ki, “Gənclərbirliyi" bu “kvartet"in karyerasında son klubmuş. 

 

“Ayağımda güc qalmayanda, dilimə güc verirdim" 

 

Mövqeyində rəqabətin güclü olmasına görə heç vaxt milli forma geyinməyib. Cəmi bir dəfə millinin Mingəçevirdəki təlim-məşq toplanışında iştirak edib, vəssalam. Bunu özünə dərd etmir. Çəkdiyi xiffət başqa şeylə bağlıdır. Qazandığı medalları, diplomları qohum-əqrabaya, dost-tanışa paylayıb, biri də qalmayıb. Mükafatlar bir yana, keçmişini yada salan videokasetlər, formalar da yoxdu. Yalnız 5-10 dənə fotoşəkildən savayı.

 

O, sərt oyuna üstünlük verən, mübahisə eləməyi xoşlayan futbolçu idi. Bu da onun çılğınlığından irəli gəlirdi. Hakimlərlə mübahisəyə, kobud oyuna görə qarşısında dəfələrlə sarı və qırmızı vərəqə görüb: “Əsas da hakimlərlə sözüm düz gəlmirdi. Gənc olanda bir qədər sakit idim, yaşlaşdıqca dəyişdim. Bu da bilirsən nədən irəli gəlirdi? Yorğun olanda, oyunda çatdırmayanda, ayağımda güc qalmayanda, dilimə güc verirdim (gülür). Ən çox Xaqani Məmmədovla düz gəlmirdim. O da Cəbrayıldandı, yerliyik. Hamıdan çox məni o, cəzalandırıb. “Bakılı"da oynayanda bir dəfə yüz faizlik “qırmızı” almalıydım. Yaxınlaşıb qulağına “səni and verirəm Hacı Qaramana, “qırmızı” vermə" dedim. Hacı Qaraman ocağı Cəbrayılda ziyarətgahdı. Sağ olsun, meydandan qovmadı. Bircə dəfə onda mənə güzəşt eləyib. O da Hacı Qaraman ocağına görə". 

 

Vəfasız ürək və vəfalı dostlar 

 

Futbolla qurtardıqdan sonra 2006-cı ildə Qurban Qurbanovun dəvətilə “İnter"in akademiyasına gəlib. Qurbanov o vaxt klubda direktor vəzifəsini daşıyırdı. Vəli Hüseynov akademiyanın ən stajlı məşqçisidir. Uğurları... Müxtəlif yaş qruplarında işləyib. Bir çox futbolçuların, o cümlədən, dostu Nizami Sadıqovun oğlu İlkinin, Sərtan Taşkının, Fərid Abbasovun, Aqşin Quluzadənin və digərlərinin yetişməsində əməyi az olmayıb: “Övladlarımın futbolçu olmağını istəyərdim. Amma gərək qablarında nəsə olsun. İstedadları olmasa, mümkün deyil. Uşaq məşqçisi olmaq o demək deyil ki, futbolçu yetişdirirsən. Biz onları sadəcə düzgün yönləndirməli, mane olmamalıyıq. Kim deyirsə, mən futbolçu yetişdirmişəm, inanmayın. Həmin adam uşağa istedadını üzə çıxarmağa kömək edib, düzgün yol göstərib".

 

Vəli Hüseynov hazırda “Keşlə"nin 2004-cü il təvəllüdlü futbolçularının məşqçisidir. Amma məşq keçmir. Akademiyanın rəhbəri İlqar Hüseynov onu hətta komandasının məşqinə belə buraxmır. Səbəbsə, Vəlinin ötən ilin oktyabrın 26-da ağır əməliyyat keçirməsidir. Ürəyi sözünə baxmırdı: “Soyuqladığımı zənn edirdim. Həkim müayinəsindən keçəndən sonra məlum oldu ki, ürəyimin klapanında anadangəlmə deşik var, təcili əməliyyat olunmalıyam. Kimə deyirdim ki, bu ürəklə futbol oynamışam, inanmırdı. Ta ki, Qurban Qurbanov əməliyyatdan sonra yanıma gələnə kimi. Sağ olsun, Qurban mənə hərtərəfli dəstək oldu, əsl dost olduğunu bir daha sübut elədi. Təkcə Qurban yox, çoxları yanımda idi. Qurbanın gəlişindən sonra həkimlər inandılar ki, həqiqətən futbolçu olmuşam, qüsurlu ürəklə futbol oynamışam. Həyatda heç vaxt ölümdən qorxmamışdım. Amma boynuma alım ki, bu dəfə bərk qorxdum".

 

Həmsöhbətimiz ailə həyatını gec qurub - 2005-ci ildə, 34 yaşında. 2 oğlu var - Hüseyn 7, Sadiq isə 4 yaşındadır. Ali təhsili də yoxdu. B kateqoriyalı məşqçidir. Özünün dediyi kimi başı qaçmağa o qədər qarışıb ki, ailə qurmaq, təhsil almaq yaddan çıxıb. Məşqçilikdən savayı başını maldarlıq, toyuq-cücə saxlamaqla qatır. 3 ildir ki, bu işlə məşğuldu. Dediyinə görə hələ xeyir götürməyib. Qismət olsa, xeyir götürər. Əsas ürəkdi. Bir də yaddaşlarda qalmaq. Tovuzda Vəlini unutmayıblar. Azərbaycanda isə... “Bəxtiyar" filmində mərhum aktyorumuz Ağasadıq Gəraybəylinin canlandırdığı Ağabala Hüseynovun dediyi kimi “İncəsətəndə köhnəyəm, Azərbaycanda məni azacıq tanıyırlar..."

 

Söhbətləşdi: İlqar TAĞIYEV

“Het-trik news” qəzeti 

 

Vəli Hüseynovun statistik göstəriciləri

Çempion - 1993/94

Gümüş medal - 1994/95, 1995/96, 1997/98

Bürünc medal - 1992, 1993, 1996/97

Ardıcıl 7 mövsüm, ilk 7 çempionatda mükafatçı olub.

Azərbaycan kubokunun finalçısı - 1996/97, 1999/2000

1992    “Turan" - 35oyun, (5 qol)

1993    “Turan"– 17

1993/94           “Turan" - 27   

1994/95           “Turan" - 11   

1995/96           “Xəzri" – 25

1996/97           “Xəzri" – 21   

1997/98           “Dinamo" (Bakı) – 17(2)

1998/99           “Qarabağ" – 27          

1999/2000   “Qarabağ" – 14 

2000/01           “Dinamo" – 7

2000/01           “Qarabağ" - 7

2001/02           “Ümid" (Bakı) - 6      

2001/02           “Turan" - 3     

2003/04           “Bakılı" - 10   

2004/05           “Şahdağ" (Qusar) – 10(1)

2004/05           “Gənclərbirliyi" (Sumqayıt) - 4         

Premyer Liqada 8 klubda 13 mövsüm (241 oyun, 8 qol), avrokuboklarda 9 oyunda iştirak edib.

 

Xəbər xətti