Ayxan Abbasov: "Psixoloji amil bizə mənfi təsir göstərdi" MÜSAHİBƏ

“Zirə” futbol komandasının baş məşqçisi Ayxan Abbasov “Report”a müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Baş məşqçi karyeranızda ilk dəfə komandanızın oyununu, cəzalı olduğunuz üçün kənardan izləməli oldunuz. Bu, necə hissdir?
- Mənim üçün yeni bir təcrübə oldu. Komandanın oyununa kənardan baxmaq, matçın ab-havasına girmək çox çətindir. Texniki zonada daha rahat olursan. Kənarda duranda özünü azarkeş kimi hiss edirsən.

 

- Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ”yə səfərdə 1:2 hesabl ilə uduzduğunuz matçda baş verənlərə görə sizinlə yanaşı, legioner futbolçularınız Riçard Qadze və Sadio Tounkara da 2 oyunluq cəzalandırıldılar. Son iki turda “Neftçi” (1:1) və “Keşlə” (1:2) ilə görüşlərdə sizin yoxluğunuz daha çox hiss olundu, yoxsa onların?
- Qəbələdə baş verən olayın ümumən komandaya təsir etməməsinə çalışsaq da, bu, mümkün olmadı. Yəni, son turlarda daha çox psixoloji amil bizə mənfi təsir göstərdi. Düzdür, heyətimizdə yetərincə oyunçu var. Lakin bəzi futbolçular var ki, oyunu sırf onların üzərində qururuq. Bu baxımdan da çətinlik çəkdik. Lakin bu cür hallar futbolda baş verir. Önümüzə baxırıq.

 

- Komandanız “Neftçi” ilə müqayisədə, “Keşlə” ilə matçda daha çox özünə bənzəmədi...
- Bunlara iki fərqli oyun kimi baxmaq daha doğru olardı. “Neftçi” ilə qarşılaşmanın ikinci hissəsində futbolçularımızın əzmkarlığı daha çox idi. Məğlub olmamağa çalışırdıq. “Keşlə” ilə görüşdə isə sırf hücumda idik. Rəqib daha sıx müdafiə olunurdu. Onların əks-hücumlarına hazırlaşmışdıq. Ümumən götürsək, qapımız önündə 2-3 real qol vəziyyəti yaratdılar, onlardan 2-si qol oldu. Məğlub duruma düşəndən sonra futbolçularımızda bir az tələskənlik vardı. Bu cür hallar tək bizim başımıza gəlmir. Futbolçulara da söylədim ki, hələ heç nə bitməyib. Qarşıda 10 tur var.

 

- Əsas heyətdə bir nəfər 1996-cı il doğumlu və Azərbaycan vətəndaşı limitinə görə seçimi qapıçı Abdulla Seyidəhmədovdan yana etməklə, səhvə yol verdiyinizi düşünmürsünüz? O, səhvə yol verməsə də, adətən, qapıçı təcrübəsiz olanda, müdafiəçilərdə tədirginlik müşahidə edilir...
- Bu, sırf limitə görə deyil. Neçə vaxdır Seyidəhmədova şans verməyi düşünürəm. Həm məşqlərdə özünü yaxşı tərəfdən göstərir, həm də milli komandanın üzvüdür. Oyunda qapıçının elə də kobud səhvi olmadı. Gənclərimizi qazanmaq üçün onlara da şans verməliyik. Məğlub oluruqsa, demək, komanda şəkilində uduzmuşuq. Çatışmazlıqlar var. Bununla belə, rəqiblər də güclənib.

 

- Aleksandr Dedovu 76-cı dəqiqədə meydana buraxdınız. Onun start heyətində yer almaması rəqiblə bağlı idi?
- Bu dəyişiklik sırf “Keşlə” ilə görüşdə başqa sistemlə oynamağımızla əlaqədar idi. İki hücumçu ilə oynayırdıq. Digər futbolçulara şans verməyi lazım bildik.

 

- Növbəti turda “Qarabağ”la səfər matçınız var. Son həftələrdə lider “Qəbələ” və “Zirə”dən aralanmaqdadır. Həmçinin, 4-cü sıradakı “Sumqayıt” sizinlə aradakı xal fərqini 4-də endirib. Turnir cədvəlindəki hazırkı durumu necə dəyərləndirirsiniz?
- Doğrudan da növbəti turda bizi çox çətin oyun gözləyir. “Qarabağ” haqda danışmağa ehtiyac yoxdur. Hamımız onların gücünü bilirik. Lakin bu, o demək deyil ki, rəqibin adına görə çəkinəcəyik. Biz də hazırlaşacağıq. Turnir cədvəlinə gəlincə, əlbəttə, gündən-günə komandalar arasındakı xal fərqi azalır. Bunu gözləyirdik. Qış fasiləsi zamanı hamı güclənib. “Qəbələ”nin “Səbail”ə uduzduğunu görürük. Çempionatın sonluğu gərgin keçəcək. Reallıq budur ki, “Qarabağ” istisna olmaqla, digər komandalar bir-birilərindən 2-3 qat üstün deyil. Heç kim rahatlıqla qələbə qazana bilmir. Bunu heç “Qarabağ” da bacarmır. Maraqlı çempionatdır, hazırlaşmaq lazımdır.

Tarix: 6 Mart [15:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2018
17  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio