"Zirə"nin prezidenti: "Ayxan Abbasova sona qədər dəstək verəcəyik" MÜSAHİBƏ

İkinci yarının ən uğursuz komandası “Zirə”di. Çempionatın qışa qədər olan bölümündə çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Qəbələ”yə boy verən, hətta 2-ci pilləni bölgə təmsilçisindən alacağı gözlənilən “qartallar” yeni ildə heç özünə bənzəmir. Fevraldan bu yana 5 çempionat qarşılaşması baş tutub ki, Ayxan Abbasovun yetirmələri cəmi 2 heç-heçəyə imza atıb. Bu isə autsayder “Kəpəz”in göstəricisindən də pisdi. Və ən maraqlı məqam, 4-cü pillədəki “Sumqayıt”la aradakı xal fərqi dekabrda 10 idisə, hazırda 1-ə enib. Bir az da “axsama” olsa, bu, bürünc medalların “kimyaçılar”a verilməsi ilə nəticələnəcək.

 

Hazırkı durumda diqqətlər Ayxan Abbasovun üzərinə yönəlir. Baş məşqçi odusa, nəticələrə görə cavabdehlik daşımalıdı. Təbii ki, hesabat tələb etməli olan biz yox, klubun prezidenti, başqa cür desək, sahibləridi. Deyilənə görə, məlum durum “yuxarılar”ı əməlli-başlı narahat edir. Hətta növbəti turda “Səbail”lə oyunda növbəti xallar itirilsə, Abbasovun istefaya göndəriləcəyi deyilir. Yaranmış vəziyyət, hazırkı durum və baş məşqçinin aqibəti ilə bağlı suallara cavab tapmaq üçün klubun prezidenti Natiq İsmayılovla əlaqə saxladıq.

 

- Komandada nə baş verir?
- Ümumi mənzərəyə baxanda ciddi nəsə baş verməyib. Sadəcə, təqvim bizim üçün o qədər də əlverişli olmadı. Çempionata nəzər salsaq, 3 ən çətin səfər oyunlarını oynamışıq. “Qəbələ” və “Qarabağ”a məğlub olduq, “Neftçi”ylə heç-heçə etdik. “Sumqayıt”la Zirədəki matçda komanda pis oynamamışdı. Ümumiyyətlə, qarşılaşmalara diqqət yetirsək, oyun planında o qədər də zəif çıxış etməmişik. Futbol adamlarıyıq, baxıb təhlil edirik, müəyyən nəticələr çıxarırıq. Yalnız “Keşlə”ylə oyundakı nəticə komanda haqda mənfi fikir formalaşmasına səbəb oldu. Ancaq həmin oyunda da pis oynamamışdıq. Xeyli qol vəziyyətlərimiz olmuşdu, üstün oyun göstərmişdik. Qolları isə standart vəziyyətdən və əks-hücumdan sonra buraxmışdıq. Və digər bir məqam, “Neftçi”ylə “Sumqayıt”ın fasilədən sonra çox çətin oyunlardan itkisiz çıxmasıdı. Fasiləyə qədər biz minimum itkiylə irəliləmişdiksə, hazırda onlar da yaxşı çıxış edir, belədə xal fərqi azalır. Rəqabətin artdığını, rəqiblərin yaxınlaşdığını görürük, amma narahat deyilik. Ən çətin oyunlarımız geridə qalıb. Qarşıdakı oyunlarda daha yaxşı nəticələrin qazanılacağına inanırıq.

 

- Qış fasiləsində “Sumqayıt”la aradakı xal fərqi 10 idisə, bu gün cəmi 1-di. Bu hal sizi qorxutmur?
- İlk sualınıza cavabda dediyim kimi, rəqiblərimizin yaxşı oyunu, çətin oyunlarda qələbə qazanması xal fərqinin azalmasına təsir edən ən böyük amildi. Bizdə isə təqvim də əlverişli deyildi startda. “Sumqayıt”la oynadıq, “Neftçi”, “Qəbələ” və “Qarabağ”la səfərdə qarşılaşdıq. Qorxacağımız bir şey yoxdu. Əsas odu, komandada vəziyyət yaxşıdı və müsbət nəticə qazanmaq gücündədi.

 

- Məşqçilər korpusu ilə söhbətiniz olubmu? Maraqlıdı, yaşananlarla bağlı Ayxan Abbasov nə deyir?
- Klub rəhbərliyi olaraq, daim baş məşqçi Ayxan Abbasovla görüşürük, fikir mübadiləsi aparırıq. Amma məhz son nəticələrlə bağlı baş məşqçiyə “niyə belə oldu” sualını verməmişik. Hamımız futbol adamlarıyıq deyə istənilən vəziyyətə qiymət verə bilirik.

 

- Klubun başında, heç şübhəsiz, əsas söz sahibləri, yəni sponsorlar durur. Onların məsələyə münasibəti necədi?
- Biz klub rəhbərliyi olaraq, vəziyyəti yaxından izləyirik. Həm fəxri prezidentimiz Orxan müəllim, həm mən, ümumilikdə rəhbərlik narahat deyilik. Məşqçilər korpusuna və futbolçulara inanırıq. Açığı, hər hansı qorxulu məqam da görmürük. Əvvəlki suallarınızda bununla bağlı daha ətraflı cavab verdiyimi düşünürəm.

 

- “Səbail”lə oyunda da qələbə qazanılmayacağı təqdirdə Ayxan Abbasovun yola salınacağı haqda şayiələr dolaşır. Mümkündü?
- Qeyd etdiyiniz kimi, bunlar yalnız şayiədi. Məşqçilər heyətinin istefası müzakirə mövzusu deyil. Nəticə nə olur-olsun, Ayxan Abbasovun arxasındayıq və ona sona qədər dəstək verəcəyik. Çünki baş məşqçimizə, ümumilikdə məşqçilər korpusuna, həm də futbolçularımıza hədsiz inam bəsləyirik.

 

- Qışda komandada müəyyən dəyişikliklər oldu. Əsasən müdafiə planlı aparıcı oyunçularla vidalaşdız. Qabriel Mateylə Təmkin Xəlilzadəni qeyd etmək kifayətdi. Əvəzində yarımmüdafiə və hücumda çıxış edən oyunçuları qoruyub saxlaya bildiz. Üstəlik, Mirsahib Abbasov, Aleksandr Dedov, Elşən Abdullayevlə gücləndiz. Buna baxmayaraq, “Zirə” 5 oyunda cəmi 4 qol vurub. Sizə elə gəlmir ki, əsas problem hücum planındadı?
- Bəli, heyətdə bir sıra dəyişikliklər oldu. Təbii ki, futbolçuların uyğunlaşması da müəyyən vaxt aparır. Komandanın 4 qol vurmasına gəlincə, bunun hücumda zəif oynadığımızı deməyə əsas verdiyini düşünmürəm. Oyunlarımıza baxsaz, görərsiz ki, 4 qol vursaq da, təhlükəli hücumlar təşkil etmişik və 10-dan çox qol vəziyyəti yaratmışıq. Deməli, hücum planında zəiflik yoxdu. Sadəcə, son nöqtənin qoyulmasında problemlər yaranır. Eyni zamanda nəzərə almalıyıq ki, əksər oyunlarda baş məşqçimiz hücumameyilli futbolçulardan tam istifadə etməyib. Həm Sadio Tounkara, həm də Riçard Qadze bir neçə oyunda çıxış etməyib. Qadze fasilədən sonra keçirdiyimiz 5 oyunun cəmi 2-də iştirak edib. Heyət tam olmayanda, istər-istəməz təsirini göstərir.

 

- Qadze demişkən, o və Tounkara “Qəbələ”ylə matçdan sonra etdiyi lazımsız hərəkətlərə görə komandanı pis vəziyyətdə qoydu. Buna görə onlara hansısa cəza və ya cərimə tətbiq etdiz?
- Təbii ki, klubun daxili intizam kodeksi var. İstənilən mənfi hərəkətə qarşı addım atılır. Tək bu futbolçular yox, kimliyindən asılı olmayaraq, kim intizam qaydalarını pozursa, kodeksə uyğun tədbir görülür.

 

“Futbol+”

Tarix: 13 Mart [00:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected]u | site by Five studio