Slavik Alxasov: "İlk oyunla bu matçı müqayisə edəndə fərqi görmək mümkündür" MÜSAHİBƏ

Topaz Premyer Liqasının 20-ci turunda "Keşlə" "Qəbələ"ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin müdafiəçisi Slavik Alxasov jurnalistlərə müsahibə verib. Alxasov öncə oyun haqda danışıb:

 

- Ədalətli nəticə elə heç-heçə idi. Çünki rəqib də bizi kimi hücumlar etdi. Qarşılıqlı hücumlar şəraitində keçən baxımlı görüş oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. "Qəbələ"nin də hücumları kəsərli idi.

 

- "Neftçi" ilə oyunda son dəqiqə qoluyla məğlub olduqdan sonra bu matça köklənmək necə alındı?

- Yığışdıq, toplandtı oldu. O oyunu unutduq və bu matça hazırlaşdıq. Toparlana bildik. Müşahidə şurasının rəhbəri Zaur Axundov da bizi ruhlandırdı.

 

- Mübahisəli epizodlar da bu qarşılaşmada çox oldu. Sertan Taşkının ayağına Vrəqib müdafiəçi zərbə vursa da hakim ağ nöqtəni göstərmədi. Oyunun son anlarında isə "Qəbələ"nin qolu ofsayd səbəbiylə qeydə alınmadı...

- Hakim yaxşı idi. Səhv hamıda olur. Mən şəxsən razı qaldım.

 

- "Keşlə"nin oyunu pis deyil. Lakin komandanın tam oturuşmadığı hiss olunur...

- Hələ yavaş-yavaş uyğunlaşırıq. İlk oyunla bu matçı müqayisə edəndə fərqi görmək mümkündür. İrəli xəttdə Sezar Meza Kolli və Herve Tçami kimi yaxşı futbolçularımız var. Topla yaxşı oynayırlar. Bir-birimizə öyrəşirik.

 

- Qış fasiləsində komandaya gələn Ebrima Sohna, Andre Klennon, Pablo Podio kimi futbolçular güclərini göstərə bilmirlər....

- Baş məşqçinin işidir. Onların da oyunu yaxşıdır. Ancaq məşqçinin işinə qarışa bilmərəm. Qərarlaı o verir.

 

- "Keşlə" ölkə kubokunda "Sumqayıt"la qarşılaşacaq. Bütün gücünüzü ora sərf edəcəksiz?

- Əlbəttə. "Sumqayıt" Azərbaycanda iki komandadan biridir. Hava mübarizələrində də yaxşı oynayırlar. Məşqçiləri çox aqressiv, istəkli və tələbkardır. Çox güclü çalışdırıcıdır. Mən özüm də Samir Abasovun rəhbərliyi altında "gənclik şəhəri" təmsilçisində top qovmuşam. Rəqib güclüdür. Bizim məqsədimiz finala adlamaqdır. "Sumqayıt"ın da hədəfi bizim kimidir. Hər iki komanda kuboka hazırlaşır.

 

- Qış fasiləsindən sonra "Sumqayıt"ın biləyini bükən tapılmayıb. Siz nə edəcəksiz?

- "Sumqayıt" yaxşı kollektivdir. Artıq onlar oturuşmuş heyətə sahibdirlər. Samir müəllim elə heyət formalaşdırıb ki, hamı öz yerini meydanda yaxşı tanıyır. Samir Abasovu çox yaxşı tanıyıram, həqiqətən də əla mütəxəssisdir.

 

- Samir Abasovu ağızdolusu təriflədin. Bəs Yuri Maksimovla işləmək necədir?

- Güclü mütəxəssidir. İstəyir ki, bütün oyunlara ciddi hazırlaşaq. Komandada ab-hava formalaşdırmaq üçün çalışır. Düşüncəm müsbətdir.

Tarix: 13 Mart [18:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio