Qurban Qurbanov: "Millinin hər oyunda nəticəyə köklənməsinə çalışmalıyıq" MÜSAHİBƏ

Sabah Belarusla yoxlama oyunu keçirəcək Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Bakıda ilk oyunumuz olacaq. Hər bir futbolçu bu oyuna ciddi hazırlaşıb. Hamı bilir ki, bizi qarşıda hansı oyunlar gözləyir. Futbolçularla söhbət etmişəm. Sabahkı matçda ən doğrusunu etməyə çalışacağıq.

 

- Legionerlərin durumu necədi? Xüsusilə, sabah Araz Abdullayevi start heyətində meydanda görə biləcəyik? 
- Futbolçuların vəziyyəti yaxşıdı. Arazı sabah start heyətində görmək ehtimalımız çoxdu.

 

- Makedoniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. Sizcə, bu sistemə ehtiyac var? 
- Bu sistem yaranandan onun tərəfdarı olmuşam. Müzakirələrə səbəb olan epizodlar çox olub. Bəzi komandaların haqqı əlindən alınıb. Buna görə bu texnologiyanın tərəfdarıyam. Oyunlarımızda bu sistemdən istifadə olunmasını istəyərdim. Həmçinin də ölkə çempionatında.

 

- Millinin əsas iki hücumçusu - Ramil Şeydayev və Mahir Mədətovu U-21-ə göndərdiz. Bu, Rəşad Sadıqovun istəyi idi? 
- Həmin oyunçuların potensialına bələdəm. Onların bu matçlarda çıxış etmək ehtimalı az idi. Çünki hücum xəttində yeni futbolçuları sınamaq istəyirdim. Sabahkı oyunlarda bir neçə dəyişiklik edib, bəzi futbolçuların nəyə qadir olduğuna şahid olacağıq.

 

- Millətlər Liqası və AÇ-nin seçmə mərhələsinin sizin üçün fərqi var? 
- Fərqli turnirlərdi. Mən hazırda heç kimi zəif saymıram. Bu gün bizim zəif hesab elədiyimiz yığmalar düşündüyümüzdən daha güclüdülər. Onlar daha istəkli olurlar. Millinin hər oyunda nəticəyə köklənməsinə çalışmalıyıq. Bu olmasa, nəticə də olmayacaq. Hər iki yarışda şansımız var. İstəyirəm ki, futbolçular bu oyunların Azərbaycanımız üçün nə demək olduğunu bilsinlər. Hansı turnir olsa, ora istəksiz çıxacağıqsa, bunun heç bir faydası olmayacaq. (Komanda.az)

Tarix: 22 Mart [16:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2018
23  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio