Vüqar Məmməd: "Qol vurmaqda əziyyət çəkirik" MÜSAHİBƏ

16:01 - 27 Mart 2018

U-19 yığmamızın növbəti təlim-məşq toplanışı başa çatdı. Vüqar Məmmədin yetimrələri Bakıdakı hazırlıq prosesində rusiyalı həmyadışlarıyla iki yoxlama oyunu keçirdi. "Dalğa Arena"dakı qarşılaşmalar rəqibin 4:0 və 1:0 hesablı qələbələriylə yekunlaşdı.

 

Sportal.az xəbər verir ki, toplanışından sonra gənc çalışdırıcı Newsport.az saytına müsahibə verib. 

 

- Öncə təlim-məşq toplantısı haqda danışardınız. Bu toplanış millimizə nə dərəcədə faydalı oldu?

- Əsas onu deyə bilərəm ki, toplanış çərçivəsində millimiz Rusiya yığması ilə qarşılaşaraq çox böyük təcrübə qazandı. Onlar biz də daxil olmaqla, 17-ci yoldaşlıq görüşünə çıxdılar. Çox güclü və texnikalı bir kollektivləri var. Belə yığmalarla qarşılaşmaq bizim ancaq xeyirimizə ola bilər. Çoxlu təcrübə topladıq. Həm futbolçular, həm də məşqçilər korpusu.

 

- Millimiz iki oyuna bir qol belə vura bilmədi. Bunu nə ilə əsaslandırardınız?

- Son zamanlar özümüz də hiss edirik ki, qol vurmaqda əziyyət çəkirik. Lakin uşaqlar çox istəklidirlər. Hazırda çalışırıq ki, oyunumuzu düzəldək. Ümid edirəm ki, gələcəkdə yaxşı nəticələrimiz olacaq.

 

- Yoxlama oyunlarında adədən çox futbolçu sınaqdan keçirilir. Bu proses fasilədən dərhal sonra həyata keçirilməyə başlanılır. Ancaq siz ilk əvəzləməni yalnız 70-ci dəqiqədə etdiniz. Səbəb nə idi?

- Düzdü, belə yoxlama oyunlarında çox futbolçuya şans verməyi planlaşdırırdıq. Kimlər layiq idi, onlar da meydançada yer aldılar. Gələcəkdə də bu kimi şeyləri davam edəcəyik. Çox futbolçuya meydançaya çıxmağa şans verəcəyik. Əvəzləmələri gec etdik, ancaq oyunun gedişatına da baxırdıq.

 

- İkinci oyundan fərqli olaraq, ilk görüşdə millimiz qapısında dörd top gördü. Bu komandanın bir-birini anlamaması yoxsa, rəqibi tam olaraq analiz etməməyinizlə əlaqədar idi?

- Xeyr, Rusiyanı yaxşı analiz etmişdik. Onların oyununa bələdik. Sadəcə, komandada yeni oyunçular olduğu üçün heyət tam olaraq formalaşmayıb. 2001-ci il təvəllüdlü bir neçə futbolçu dəvət etmişik. Rusiyadan düşərgəmizə bəzi futbolçular da qatılıb. Bunun üçün də ilk oyunda millimiz çətinlik çəkdi. Lakin ikinci görüşdə artıq, hiss etdik ki, uşaqlar bir-birilərinə uyğunlaşmağa başlayırlar.

 

- Yığmamızda Rusiya klublarında oynayan 3 futbolçu var. Onlar öz səviyyələriylə digərlərindən fərqlənirlərmi? Liderlik keyfiyyətlərini göstərə bilirlərmi?

- Hər üçünün potensialı var, yaxşı futbolçulardı. Hamısını daim nəzarətdə saxlayacağıq. Çalışacağıq ki, təlim-məşq toplanışlarımıza davamlı olaraq dəvət edək. 

 

- Rəqibin heyətində Həmid Ağalarov adlı futbolçu var ki, hər iki matçda bizə qol vurdu. Onu perspektivdə Azərbaycan yığmasında görmək istərdiniz?

- Həmid Rusiya millisinin futbolçusudu. Mahaçqalanın "Anji" klubunda, Rusiya çempionatında oynayır. Onu millimizə gətirməyə ehtiyac yoxdu.

 

- Aşağı yaş quplarının oyunlarını yəqinki izləyirsiniz. Ümumiyyətlə, Azərbaycan çempionatı sizi razı salırmı? Oradan milli üçün faydalı futbolçular götürmək baxımından çətinliklər yaşamırsınız ki?

- Hazırda klublarla sıx əlaqələrimiz var. Artıq hiss olunur ki, çempionatda güclü mübarizə gedir. “Gənclər Liqası”nda bir neçə klub liderlik üçün mübarizə aparır. Bu, çempionatımızın inkişafından xəbər verir. Məşqçilərlə də danışdığımızda hiss edirik ki, futbolçular milli komandaya vəsiqə qazanmağa istəklidirlər.

 

- Yaxın gələcəkdə milli komandada hər hansı bir dəyişikliklər gözlənilirmi?

- Aprel ayında xaricdə çıxış edən bir neçə futbolçunu baxışa dəvət etmək niyyətindəyik. İstəyirik ki, onları yaxından tanıyaq. Düşünürəm ki, əlimizdə olan futbolçularla da intensiv olaraq çalışsaq, yaxşı nəticə əldə edə bilərik.

 

- Əlavə yoldaşlıq oyunu nəzərdə tutulurmu?

- Aprel ayında Latviya millisi ilə qarşılaşma ehtimalımız var. Bundan əlavə, may ayında güclü bir turnir bizləri gözləyir. Adını hələki açıqlamaq istəmirəm. Bir-iki günə yəqinki açıqlanar.

Xəbər xətti