Dmitri Nazarov: "Rəqiblər bizə hörmət edirlər"

12:34 - 6 Aprel 2018

Millimizin və "Aue"nin futbolçusu Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniya mətbuatına danışan yarımmüdafiəçi komandasının uğurlu çıxış etdiyini deyib:

 

“Ardıcıl bir neçə oyunda qalib gəlməsək də, qələbəyə yaxın olduq. Buna baxmayaraq, özümüzə daim güvəndik. Qazandığımız xallar komandamızda özünəinamı daha da artırdı. İndi zəhmətimizin bəhrəsini görürük. Xüsusən də, “Qreyter Fürt”lə (2:1) oyunu yüksək səviyyədə keçirdik. Artıq çempionatda rəqiblər bizə hörmət edirlər”.

 

II Bundesliqanın 29-cu turunda “Sankt-Pauli” ilə keçiriləcək oyunla bağlı da danışan 28 yaşlı futbolçu bunları bildirib:

 

“Biz hələ heç nəyə nail olmamışıq. Çünki çempionat çox ağır keçir. Beş komandanın 36, dördünün isə 37 xalı var. Tempi bu cür davam etdirmək, hətta bir qədər də artırmaq lazımdır. “Sankt-Pauli” ilə görüşdə də qələbəni hədəfləyirik. Biz rəqibin kimliyindən asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. Artıq yeni stadionda oynayacağıq. 10 mindən çox azarkeş gözləyirik. Stadionda atmosfer yüksək olacaq”.

 

Qeyd edək ki, hazırda 36 xalla 15-ci pillədə qərarlaşan "Aue" son 7 oyunun 4-də heç-heçə edib, 3-də qalib gəlib.

Xəbər xətti