Samir Əliyev: "Gələn mövsüm daha yaxşı "Səbail" görəcəksiniz" MÜSAHİBƏ

19:37 - 7 Aprel 2018

“Pis mübarizə aparmadıq. Uşaqlardan narazı deyiləm”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

 

“Dənizçilər” Topaz Premyer Liqasının XXII turunda səfərdə “Qarabağ”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Buraxdığımız qola qədər “Qarabağ”a şans vermədik. Qoldan sonra isə özümüzə gəlməkdə çətinlik çəkdik. Ümid edirəm ki, bundan sonra xallarımızı artırmağı bacaracağıq”.

 

- “Səbail” növbəti mövsüm üçün heyətində radikal dəyişikliklər edəcək?

- Sözün düzü, rəhbərliklə iki gün öncə görüşümüz oldu. Nə danışdığımızı açıqlamayacam. Onu deyə bilərəm ki, gələn mövsüm daha yaxşı “Səbail” görəcəksiniz. Son sözü mövsümün sonunda söyləyə bilərik. Məqsədimiz mövsümü 6-cı pillədə başa vurmaqdı.

 

- Vahit Orazsahetov bu gün heyətdən kənarda qalmışdı. Hansısa zədəsi yox idi?

- Koçukun yüngül zədəsi var idi, risk etmək istəmədik. Vahidə gəlincə, hücum xəttimizdə rəqabət var. Əsas məqsədimiz təcrübə toplamaq və komandanın özəyini qurmaqdı.

Xəbər xətti