Qurban Qurbanov üçün əlamətdar gün

11:11 - 13 Aprel 2018

Bu gün milli komandamızın və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

 

Sportal.az xəbər verir ki, mütəxəssisin 46 yaşı tamam olur.

 

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalada anadan olub. Futbolun sirlərinə  Zaqatalanın “Daşqın” komandasında yiyələnib. Karyerası ərzində “Turan”, “Kür-Nur”, “Neftçi”, “Dinamo” (Stavropol), “Baltika” (Kalininqrad), “Fakel” (Voronej), “Volqar-Qazprom” və “İnter” klublarında çıxış edib.  Azərbaycan çempionu, ölkə kubokunun qalibi və çempionatın bombardiri olub.

 

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 

 

2006-cı ildə “Neftçi” klubunda məşqçilik fəaliyyətinə başlayıb.

 

Qurbanovun məşqçi kimi ən böyük uğurları "Qarabağ"da çalışdığı dövrə təsadüf edib. Məhz onun rəhbərliyi altında "Qarabağ" ardıcıl üç dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib. Bu mövsüm isə Azərbaycan futbolu tarixində "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə qatılmaqla ilkə imza atdı.

 

Sportal.az saytının kollektivi doğum günü münasibətilə Qurban Qurbanovu təbrik edir, ona şəxsi həyatında və məşqçilik karyerasında yeni-yeni uğurlar arzulayır.

Xəbər xətti