Ağasəlim Mircavadov: "Qarabağ" çempionluğu təmin edib" MÜSAHİBƏ

12:55 - 13 Aprel 2018

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Sportal.az saytına müsahibə verib.
 
- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirildi. Finala hansı komandaların adlayacağını düşünürsüz?
- Kubok iki oyundan ibarət olur. Avrokuboklara ən asan yol kubokdan keçir. Böyük şans “Neftçi”dədir. Səfərdən qələbə ilə qaydırlar. “Keşlə” “Sumqayıt”a qalib gəlsə də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. “Sumqayıt”ın da şansı var. Kubokda fərqli motivasiya və şans var. Hər 4 komandanın şansı var. “Qəbələ” çempionatda avrokuboklara vəsiqəni demək olar ki, təmin edib. “Sumqayıt”ın da çempionatda şansları davam edir. “Keşlə”də isə durum bir az fərqlidir. Onlar gözünü kuboka dikib. “Neftçi” isə 3-cü pillədən bir qədər aralıdır.
 
- Kubokun favoriti kimi “Neftçi”ni görürsüz?
- “Neftçi” artıq səfərdə qalib gəlib. Böyük üstünlük əldə edib. “Neftçi” çempionatda 3-cü və 4-cü yerlər uğrunda mübarizə aparır ki, bu da bir az ağırdır. Amma kubokda işi asan ola bilər. “Neftçi”nin finala çıxmaq üçün böyük şansı var. Amma final oyunu tam fərqli atmosferdə keçir. Çempionat oyunlarından çox fərqli olur.
 
- Çempionatın da bitməsinə 6 tur qalıb. “Qarabağ”ın çempionluğu təmin etməsini demək olar?
- Sözsüz ki, bu, belədir. “Qarabağ” artıq çempiondur.
 
- Avrokuboklar uğrunda mübarizəni necə dəyərləndirə bilərsiz?
- 3-4-cü yerlər uğrunda gərgin mübarizə gedir. “Zirə”, “Sumqayıt” və “Neftçi” arasında gərgin mübarizə var. Məsələn, “Keşlə” kuboku qazansa, 4-cü yerin əhəmiyyəti qalmayacaq. Bu amil də var. “Qəbələ” bir qədər rəqiblərdən uzaqdır. Amma yenə də 6 tur qalıb və bu gərgin mübarizəni sona qədər izləməliyik.
 
- Milli komandamızın Belarus və Makedoniya ilə keçirdiyi yoxlama görüşlərini yəqin ki, izlədiniz. Sınaq xarakterli oyunlar barədə fikirləriniz maraqlı olardı.
- Heyətdə ilk dəfə dəvət alan futbolçular da var idi. Hər bir oyunçuya şans verilir. Nəticə belə oyunlarda önəmli deyil. Bu oyunlarda futbolçular sınanır. Yığmanın bütün məşqçiləri işləyir. Oyunçulara göz gəzdirirlər. May və iyunda da iki oyunumuz olacaq. Artıq yavaş-yavaş heyət formalaşır. Bunun üzərində işlənir. Klublarla yığmanın məşqçiləri arasında sıx əlaqə olmalıdır.
 
- Növbəti mövsüm Premyer Liqada klubların sayı artırılacaq? AFFA-da bu barədə müzakirələr olubmu?
- Söhbət gedir. Amma müzakirə olmayıb. Məncə, yaxın zamanlarda artıq dəyişiklik olacaq. Hər şey maliyyədən asılıdır.  Mən özüm istəyərəm ki, 12 komanda olsun. Futbolu bölgələrə daşımaq lazımdır. Lənkəran, Tovuz, Zaqatala və İmişli kimi futbol ənənələri olan şəhərlərimiz var. Görək nə baş verəcək. Hələ heç bir şey bəlli deyil.

Xəbər xətti