Prosineçki dünya çempionatında favorit gördüyü komandanı açıqladı

15:53 - 13 Aprel 2018

Millimizin sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasının "sükanı arxası"nda olan Robert Prosineçki dünya çempionatındakı favoritini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis dünya çempionatının favoritini açıqlayıb və ölkəsinin yığmasının şansları haqda danışıb: "Bu mundial Luka Modriç, Mario Mandjukiç və Vedran Çorluka üçün son şansdır. Çünki yaşları öz sözünü deyir. Onların növbəti turnirdə olacaqlarını gözləmirəm. Xorvatiya yaxşı komandadır və qrupdan çıxmalıdır. Bu komandanın daha irəli gedəcəyini düşünürəm. Serbiya isə uzun müddət sonra böyük turnirə qatılacaq. Baş məşqçi və heyət dəyişikliyi olub. Onların işi çətin olacaq. Mənim bu çempionatda favoritim Braziliyadır. Nəhayət, onlar güclü müdafiə xəttinə də sahibdirlər. İrəlidə isə Neymarla möcüzə yaratmaq olar. İspaniya və Fransa da yaxşı komandadır. Argentinaın mundialın qalibi olacağını düşünmürəm. Amma Messi ilə hər şey mümkün ola bilər".

 

Prosineçki "Ronaldo, yoxsa Messi" sualına belə cavab verib: "Messi ən yaxşıdır. 10 ildir ki, gördüyümüz ən gözəl futbolu onun sayəsində izləyirik. Ronaldoya da böyük hörmətim var. O da güclü oyunçudur".

 

Bu gün Avropada transfer bazarı od tutub yanır. 49 yaşlı mütəxəssis buna münasibət bildirib: "Əvvəllər deyirdik ki, qiymətlər 10 milyonu keçməz. Amma indi 200 milyon avronu da keçib. Klublar ulduz transferlərə verdiyini reklam digər gəlirlərlə qarşılayır. Məsələn, "Real" Ronaldo üçün ödədiyi məbləğin ən azı 10 mislini qazanıb. Kim bilir gələcəkdə qiymətlər daha da "kəllə-çarx"a çıxacaq".

Xəbər xətti