Tərlan Əhmədov: "O, mənim istədiyim futbolu oynamır" MÜSAHİBƏ

21:27 - 15 Aprel 2018

Topaz Premyer Liqasının 23-cü turunda “Neftçi” səfərdə “Zirə”ni böyük hesabla (3:0) məğlub etdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonrakı mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Bu 3 xal bizim üçün çox vacib idi. Bunun üçün meydanda əlimizdən gələni etdik. Futbolçuları təbrik edirəm. Fanatlarımıza bizi dəstəklədiklərinə görə minnətdaram. “Qəbələ” ilə kubok oyunundan sonra bizi çətin matçının gözlədiyini bilirdik. Təbii ot örtüyündən sonra süni örtüyə uyğunlaşmaq çətin idi. Buna görə, oyuna uyğunlaşmaq bir qədər çətin oldu.

 

- “Qəbələ” ilə cavab oyunu barədə nə düşünürsüz?

- İlk oyundakı qələbəyə baxmayaraq, şansları bərabər dəyərləndirirəm. Kubok oyunları tam fərqlidi.

 

- “Neftçi” ilk dəfə “Zirə”ni çempionatda məğlub etdi...

- Oyuna belə fikirlə çıxmamışdıq. Biz öz oyunumuzu oynadıq. Futbolçular da bu oyunun məsuliyyətini dərk edirdilər. Buna görə, ciddi hazırlaşırdıq. Mən gəldiyim 6-7 aydı. Mən də bu komandaya çempionatda qalib gələ bilməmişdim. Sevinirəm ki, bu gün 3 xal qazandıq.

 

- Qələbədə rəqibin azlıqda qalması nə dərəcədə rol oynadı?

- Rəqib azlıqda qalmamışdan öncə də hesabda irəlidə idik. Bu oyundaməni sevindirən əsas məqam ilk dəfə penalti vurmağımız oldu.

 

- Oyun ərzində sanki Qatodan narazı idiz. Sonra is onu əvəzlədiz..

- O, hələ ki, mənim istədiyim futbolu oynamır. Mən komanda oyununa üstünlük verirəm. Fərdi oyun yalnız rəqibin cərimə meydançası ola bilər. O, komanda yoldaşlarının əziyyətini yerə vururdu. Buna görə, onu əvəzləməyə məcbur oldum.

 

- Bu gün bəzi əsas futbolçularınıza şans verməmişdiz. Bu, “Qəbələ” ilə cavab oyunu ilə bağlıdı?

- Bəli, süni örtükdən təbii örtüyə keçid çətin olur. Buna görə bəzi oyunçulara bərpa üçün istirahət verdim.

 

- Ruslan Abışovun yoxluğunda Rəşad Sadiqova şans verdiz. Onun oyunundan razı qaldız?

- Bəli, onun oyunu məni razı saldı. Qış fasiləsində də onu bu mövqedə sınamışdım. Rəşad təcrübəli futbolçudu. O, Petrov və Abışov mərkəzdə məni tam qane edir. Buna görə, qışda müdafiəçi transfer etmədik. Rəşad Sadiqov bizə hələ uzun müddət laızm olacaq.

Xəbər xətti