Emin Mahmudov: "Mustivarın gəlişindən sonra daha çox seçim imkanımız yaranıb"

10:10 - 16 Aprel 2018

"Çox çətin oyun oldu. Qarşılaşmanın əvvəlində qol vurduq, sonra isə müəyyən qədər müdafiəyə meyilli futbol oynadıq. "Zirə"yə qarşı oyunlarda həmişə qısa ötürmələrə üstünlük vermişik və yaxşı nəticə qazanmamışıq. Bu dəfə oyun üslubumuz fərqli idi, bunu siz özünüz də gördünüz. Qələbə qazandıq, buna görə xoşbəxtik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqasının XXXIII turunda "Zirə"yə qalib gəldikləri oyundan sonra deyib. Oyun haqda fikirlərini bildirən milli komandamızın oyunçusunu rəqibin qırmızı vərəqə almasının "Neftçi"nin xeyrinə olduğunu bildirib:

 

"Rəqib qırmızı vərəqə aldıqdan sonra bizim üçün daha asan oldu. Çünki rəqib qırmızı vərəqədən sonra necə oynamaq lazım olduğunu bilmirdi. Amma rəqib komandanın məşqçisinin qovulması oyuna təsir göstərmədi. Təbii ki, futbolçunun qovulması oyuna daha çox təsir edir. Mənim fikrimcə, daha çox qol vura bilərdik". 

 

Təcrübəli yarımmüdafiəçi Azərbaycan kubokunda final mərhələsinə yüksələcəklərinə inanır:

 

"Bizim yaxşı komandamız var. Deməzdim ki, yorğunluq növbəti oyunumuza təsir göstərəcək. Əminəm ki, tezliklə bərpa olunacağıq və final uğrunda döyüşəcəyik. İki cəbhədə mübarizə aparmağın çətin olduğunu düşünmürəm. Çünki bizim kifayət qədər oyunçumuz var. Xüsusən onu vurğulamaq istəyirəm ki, Soni Mustivarın gəlişindən sonra daha çox seçim imkanımız yaranıb, məşqçimiz daha çox rotasiyalar edə bilir. Əgər "Qəbələ"ni keçsək, final oyunumuz qalacaq. Bu heyət mübarizə aparmağa hazırdı". 

Xəbər xətti