Fariz Nəcəfov: "Mümkündürsə, finalın keçiriləcəyi yeri dəyişsinlər" MÜSAHİBƏ

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Neftçi”ni səfərdə 3:1 hesablı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanan "Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov brifinq keçirib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- "Qəbələ” evdə keçirdiyi ilk matçda 1:2 hesabı ilə uduzsa da, cavab görüşündə dönüş etməyi bacardı. Belə olacağını gözləyirdiz?
- İlk matçda gərginlik olduğu üçün oyunumuz alınmadı. Futbolçularımız cavab qarşılaşmasında bir qədər "boşalmışdılar”, tam sərbəst idilər. Bu gün açılışdılar, daha sərbəst oynadılar.

 

- "Neftçi” hesabı açandan sonra da finala yüksələcəyinizə inam vardı?
- Belə proqnoz vermək istəmirəm, amma çox rahat idim. "Qəbələ”nin elə-belə təslim olmayacağını bilirdim.

 

- "Qəbələ” bu cür həlledici oyunlarda qalib gəlməyi bacaran komandadı. Amma çempionatda bunun əskini görürük. Bu, nə ilə bağlıdı?
- Komandada nə baş verirsə, hamısını analiz edirik. "Qəbələ”də ciddi bir problem yoxdu. Analizlər aparırıq, səhvlərimizi görürük, bilirik. Çempionluq əldən getdi. Çalışacağıq ki, kubokda qalib gələk.

 

- "Qəbələ”də artıq 3 aydı maaşların verilmədiyi, futbolçuların bu səbəbdən son matçlarda zəif oynadıqları söylənilir. Bu nə dərəcədə doğrudu?
- Tam yanlış məlumatdı, belə bir şey ola bilməz. Gecikmələr hər yerdə olduğu kimi, bizdə də olur. Amma daha 3-4 ay çəkmir. Gecikmələrin olması normaldı.

 

- Azərbaycan Kubokunun finalının Qəbələdə keçirilməsi sizin üçün bir üstünlük olacaq?
- Əslində, finalın Qəbələdə keçirilməsini istəmirdim. Çünki finala çıxacağımıza inanırdım. Xahiş edəcəm ki, mümkündürsə, finalın keçiriləcəyi yeri dəyişsinlər. Lakin sözsüz ki, evimizdə oynamaq bizim üçün əlavə motivasiyadı.

 

- Ancaq finalın mayın 28-də Qəbələdə keçirilməsinə öncədən qərar verilib...
- Mən həmin vaxtda etirazımı bildirdim. Lakin bildirdilər ki, başqa yerdə keçirilməsi mümkün deyil.

 

- Bu qələbə "Qəbələ”nin çempionatdakı çıxışına müsbət təsir edəcək?
- Bunlar fərqli turnirlərdi. Çox təsiri olacağına inanmıram.

 

- Finaldakı rəqibiniz "Keşlə” haqda nə deyə bilərsiz?
- Yeni baş məşqçi Yuri Maksimovun komandanın əvvəlki oyun tərzini bərpa etdiyini bilirik. Çox yaxşı komandadı.

 

- Çoxları "Qəbələ”ni favorit sayır...
- Mən belə deməzdim. Yenə də deyirəm, çempionatla kubok fərqlidi.

 

- Roman Qriqorçukun aqibəti necə olacaq? Mövsüm başa çatdıqdansa sonra gedir, yoxsa qalacaq?
- Hələ bu barədə heç nə danışmamışıq. Mövsüm bitəndən sonra söhbət edəcəyik.

 

- Onun gələcək aqibəti kubokdakı nəticədən asılı idi?
- Xeyr, belə bir şey yoxdu. Bir turnirə görə qərar verilmir.

 

- Latviya Futbol Federasiyasının baş katibi bildirib ki, Qriqorçuk onlara "Qəbələ”də qalacağını söyləyib...
- Bu barədə danışmamışıq. Baş məşqçi ilə bağlı qərarı mən yox, klubun prezidenti verir. Klubun strategiyasını prezident müəyyənləşdirir.

Tarix: 19 Aprel [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio