Güclü “Qəbələ” qarşısında “Neftçi” nədə uduzdu? YAZI

Azərbaycan Kubokunda finala bərabər matç baş tutdu. Yarımfinalın ilk oyununda öz evində “Neftçi”yə uduzan “Qəbələ” səfərdə bunun əvəzini artıqlaması ilə çıxdı və həlledici görüşə vəsiqə qazandı.

 

Komandalar arasında ötən həftə Qəbələdə baş tutan ilk matç Bakı klubunu üstün vəziyyətə gətirmişdi. Rəqibinə 2:1 qalib gələn “ağ-qaralar” evdə hətta minimal hesabla uduzsalar belə, finala yüksəlirdilər. Üstəlik, həftəsonu çempionatda “Zirə”yə 3:0 qalib gəlməklə sindroma son qoyan komandanın düşərgəsində ab-hava ən yüksək səviyyədə idi. “Neftçi” matç ətrafında böyük ajiotaj yaratmaq, azarkeşlərin tribunada yerini alıb, komandaya dəstək olması üçün xüsusi canfəşanlıq edirdi. Hətta oyun üçün stadiona giriş də pulsuz edilmişdi. Klub bu baxımdan istədiyinə nail oldu, lakin...

 

“Qəbələ” düşərgəsində isə fərqli ab-hava höküm sürürdü. Son zamanlar qeydə alınan uğursuz nəticələr, ilk oyunda komandanın evdə rəqibinə uduzması, ardınca çempionatda “Səbail”lə xal itkisi – daha bir mövsümü titulsuz başa vurmaq qorxusu klub ətrafında müxtəlif informasiyaların dolaşmasına səbəb olmuşdu. Komandanın finala yüksəlməməsi halında, ən yumşaq formada desək, “Qəbələ”də ciddi islahatlar baş tutacaqdı.

 

Yarımfinalın cavab oyunu da “qırmızı-qaralar” üçün yaxşı başlamadı. Qarşılaşmanın 10-cu dəqiqəsindəcə Dmitri Bezotosnının çıxışda yol verdiyi səhvdən sonra Soni Mustivar hesabı açdı və “Neftçi”ni bir qədər də finala yaxınlaşdırdı. Bundan sonra isə oyunun gedişatı tamamilə dəyişdi. Hissənin sonuna qədər Baqali Dabo rəqib müdafiədə tapdığı boşluqlardan istifadə edərək, ümumi hesabı bərabərləşdirdi.

 

Fasilədən sonra meydanda möhtəşəm “Qəbələ” var idi. “Qırmızı-qaralar” 45 dəqiqə ərzində bu mövsüm ən yaxşı oyunlarını göstərdilər. Qriqorçukun komandası o qədər qol epizodu yaratdı ki, “Neftçi” 1:3-lə xilas olduğu üçün sevinməlidi. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv isə yalnız son 10 dəqiqədə onlara lazım olan futbolu göstərə bildi. Ancaq müdafiə olunmağı da yaxşı bacaran əyalət təmsilçisi qazandığı üstünlüyü əldən vermədi.

 

"Neftçi"nin ilk oyunda qazandığı yaxşı şansı əldən verməsinin səbəbləri mütxəlifdi: baş məşqçinin yanlış taktika, heyət seçimi, ardıcıl yaxşı nəticələrdən sonra yaranan eyforik hal, səfərdəki 2:1-in, daha sonra vurulan erkən qolun futbolçuları arxayınlaşdırması və s. Və ya sadəcə bakılıların bəxti onda gətirmədi ki, "Qəbələ" uzun müddətdi arzusunda olduğu oyunu məhz dünən göstərdi.

 

“Neftçi”nin ilk oyundakı qələbəsindən sonra deyirdik ki, komandanın müdafiəsində boşluqlar var və bu nəticənin cütün taleyini həll edəcəyi inandırıcı deyil. Tərlan Əhmədovun meydana buraxdığı heyət isə gözləntiləri bir az da artırmışdı. Dünənki start "11-li"yi, bəlkə də, bu “Neftçi”nin ən ləng versiyasıdı. Müdafiədə Ruslan Abışov, orta xətdə Meza Kolli və Rəşad Sadiqov, hücumda isə Lukas Qomes bu lənglik “harmoniya”sını ən yüksək həddə çatdırmışdı. Əslində isə Əhmədova ilk oyundakı nəticədən sonra daha sürətli komanda oynatmaq lazım idi. Emin Mahmudov, Rəhman Hacıyev, Mirabdulla Abbasovun start heyətində yoxluğu birmənalı qarşılanmamışdı ki, “Neftçi” sonda məhz bunun acısını yaşadı. Komandanın yaxşı oyun sərgilədiyi son 10 dəqiqəyə fikir versək, adıçəkilən hər üç futbolçu həmin zaman meydanda idi.

 

Əhmədov  yaxşı müdafiəçi olsa da, məşqçi kimi arxa xətti qurmağı bacarmır. Bu artıq bir çox oyunda özünü aşkar göstərib. Komanda hesabı açır, önə keçir, üstünlük qazanır, ancaq əksər hallarda bunu sonradan əldən verir. “Neftçi” müdafiəsi ciddi təzyiq altında heç 10 dəqiqə tab gətirmək gücündə deyil. Ki, dünənki oyunda bunu hərtərəfli müşahidə etdik. Əlbəttə, müdafiədəki fərdi səhvlər də ciddi rol oynadı, Ruslan Abışov “Qəbələ” ilə oyunun ən zəifi idi. İlk iki qolda mövqe səhvinə yol verən müdafiəçi sonuncuda Filip Ozobiçə qarşı kobudluq edib, penaltiyə səbəb oldu və s. Ancaq “Neftçi” komanda şəklində sonadək rəqibin ən güclü silahı – cinah reydlərinə qarşı heç nə edə bilmədi.

 

“Neftçi” tərəfinin oyuna düzgün yanaşmamasının qarşılığında “Qəbələ”də  möhtəşəm motivasiya və əla konsentrasiya gördük. Roman Qriqorçuk çətin məqamda komandasına 2018-ci ilin, bəlkə də mövsümün ən yaxşı futbolunu oynatdı. Üstəlik o, bunu xüsusilə müdafiədəki boşluqların müqabilində bacardı. Vernidubu cinah oyunçusu Ürfan Abbasov əvəzləmişdisə, oyunun 15-ci dəqiqəsində zədə üzündən matçı davam etdirə bilməyən Stankoviç yerini nadir hallarda meydana çıxan Rasim Ramaldanova verdi. “Neftçi” isə qalan 75 dəqiqə ərzində olduqca zəif görünən bu müdafiəni yara bilmədi. Səbəb aydın idi, “qırmızı-qara” formada ötən gün kimin meydanda olmasından asılı olmayaraq, hər biri maksimum düzgün oynayacaqdı. Qriqorçukun dünənki komandası Avropa Liqasında ardıcıl iki mövsüm qrupa yüksələn “Qəbələ”yə bənzəyirdi. İlk matçdakı nəticədən sonra möhtəşəm geridönüş edən komanda tarixində ilk titulunu qazanmağa çox yaxındı. Dünənki oyunu göstərəcəyi halda finalda iki “Keşlə” də olsa, “Qəbələ”yə bunu etməyə mane ola bilməyəcək.

 

Tarixində ilk dəfə ölkə kubokunun birinci oyununda əldə edilən 2:1 hesablı üstünlüyü əldən verən “Neftçi” isə günahı özündə axtarmalı və diqqətini çempionata yönəltməlidi. Komandanın hələ də avrokuboka vəsiqə üçün  şansı var. Ancaq bu, “Neftçi”nin dünənki nəticənin təsirindən çıxıb-çıxmayacağından asılı olacaq. Ən azı növbəti 5 oyunda komandaya rəhbərlik edəcək Tərlan Əhmədovun "Neftçi"dəki gələcəyi də bunu bacarıb-bacarmamasından asılı olacaq. (Futbolpress.az)

Tarix: 20 Aprel [01:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2018
22  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio