Vaqif Sadıqov: "Premyer Liqada 12 komandanın olmasını istəyirik" MÜSAHİBƏ

12:39 - 20 Aprel 2018

AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Sportal.az saytına müsahibə verib.
 
- Premyer Liqada neçə komandanın iştirak etməsinin tərəfdarısınız?
- Hamımız istəyərdik ki, komandaların sayı çox olsun. Sırf peşəkarcasına fəaliyyət göstərən klubların elitada olmasını istəyərdik. Hər birimiz deyə bilərik ki, komandaların sayı çox olsun, maraqlı olacaq. Ancaq keyfiyyət itirməmək şərtilə bunu müzakirə etmək olar. Ancaq say artırmaqla fikirləşiriksə, nəsə edə bilərik, bu, yanlış düşüncədir. Bölgələrdə futbolu ayağa qaldırmaq üçün ilk addımlar atılır. Region Liqası yaradılıb və orada üzə çıxan komandalar var. Həmin komandalara təkan verib I Diviziona, Premyer Liqaya qaldırmaq olar. Məşqçilər komitəsi olaraq, o təklifin üstündə dururuq ki, 12 komanda olsun, 2 mərhələli çempionat keçirilsin. Bölgələri əhatə etməklə bunu reallaşdırmaq olar. Amma mövud durumda anlayırıq ki, bunu həyata keçirmək çətindir. Maliyyə dəstəyi də buna imkan verməlidir.
 
- Hər hansı təklif paketi hazırlanıb?
- Bəli, hazırlanılıb. 2 mərhələli çempionat və 12 komanda. Hələ ki, proqramlar açıq olaraq qalır.
 
- Bəzi ölkələr maliyyə böhranından sonra dövlətdən dəstək aldı. AFFA belə bir addım atdı?
- AFFA tərəfindən dövlətə belə bir müraciət edilib. Hazırda bu müzakirə gedir. Hər şey ola bilər. Sizin dediyiniz kimi, çıxış yollarından biri də məhz budur. Dövlətdən dəstək olmalıdır. Dövlətin yardımından sonra istədiyimizə nail ola bilərik.
 
- Növbəti mövsüm neçə komandanın iştirak edəcəyi müzakirə edilir?
- Hazırda bu məsələ müzakirə edilmir. Ancaq bildiyimə görə, AFFA tərəfindən hər addım atılır ki, futbolun səviyyəsi qalxsın və bölgələri də əhatə etsin. Bunun üçün komandalar peşəkar səviyyədə cavab verməlidir. Bu, gündəmdədir. Çalışmaq lazımdır ki, gələcəkdə futbolu daha da qaldıraq.
 
- Hansı komandaların Premyer Liqaya vəsiqə qazanmasının istəyirsiz?
- Lisenziya şərtlərinə cavab verən komandaların olmasını istərdim. Ən vacibi odur ki, peşəkar baxımdan bütün kriteriyalara cavab versin. Hamımız ikiəlli razı olardıq ki, bölgə komandaları çempionatda çoxluq təşkil etsin. Sırf hansısa komandanın adını çəkə bilmərəm. 
 
- Bəzi mütəxəssislər hesab edir ki, çempionatımızın səviyyəsi getdikcə aşağı düşür. Siz necə düşünürsüz?
- Desəm ki, çempionatın səviyyəsi aşağı düşüb, düzgün olmazdı. 8 komandalı çempionatdan çıxan “Qarabağ” ölkəmizi ilk dəfə Çempionlar Liqasında təmsil etməklə tarixi uğura imza atdı. “Qarabağ” sübut etdi ki, oynamaq mümkündür. Bundan da artığına nail olmaq üçün çempionatın səviyyəsni qaldırmalıyıq. Bu, mütləqdir. Amma çempionatımız maraqlı gedir. Demək olar ki, artıq çempionumuz bəllidir, 1-2 tura rəsmiləşdirə bilər. Amma bu Fransa, Almaniya və İngiltərə kimi ölkələrdə də məlumdur. Amma avrokuboklar uğrunda mübarizə son tura kimi davam edəcək. Buna görə də çempionatın səviyyəsi bizi qane edə bilər. 
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti