Həbib Ağayev: "Məşqçinin çemodanı hər dəqiqə qapısının ağzında hazır olmalıdır" MÜSAHİBƏ

20:05 - 20 Aprel 2018

I Divizionun lideri “Qaradağ-Lökbatan”ın baş məşqçisi Həbib Ağayev Sportal.az saytına müsahibə verib.
 
- “Qaradağ-Lökbatan” qış fasiləsindən sonra çoxlu xal itirdi. Artıq lderliyi də əldən verə bilərsiz.
- Qış fasiləsindən sonra komandada böyük dəyişiklik yoxdur, eyni heyətdir. Mövsümün ilk yarısı uğurlu alındı. 2-ci yerlə xal fərqimiz 14-ə bərabər idi. Qış fasiləsindən sonra isə oyunumuz alınmadı. Bu da futbolda olan hallardır. Komanda öz oyununu itirməyib, zəif çıxış etmirik. Üstün oynayarıq, lakin qələbə qazana bilmirik. Məsələn, “Binə” ilə görüşdə hesabda irəlidə olduğumuz anda son saniyələrdə 40 metrdən qol vurdular. Həmin qol mənə Çempionlar Liqasında “Barselona”nın müdafiəçisi Ronald Kumanın qolunu xatırladı. Bu, baş məşqçi kimi ilk işimdir. Çalışıram ki, oyunlara köklənək. İstəyirəm bu vəziyyətdən çıxaq. Əsl məşqçi işi də belə anlarda görünür. Hər saniyə komandanı düşünürəm. Yaxşı olanda heç kim nəsə demir, amma zəif nəticələr qeydə alınanda təzyiqlər artır. Sağ olsun, rəhbərlik mənə şans verir. Çalışacam ki, bu vəziyyətdən çıxaq və komandanı çempion edim. İlk turdan liderik və indi də birinciyik. Rəqiblər yaxınlaşıb, amma komanda şəklində bir olmalıyıq. İlk dövrədə məşçiliyin yaxşı üzünü gördüm. Son turlarda isə çətinlik yaşayıram. Belə anda komandaya inanmalıyam. İnanıram ki, bu vəziyyətdən çıxacağıq.
 
- Üstün oynadğınızı, amma qalib gələ bilmədiyinizi qeyd etdiniz. Komandada ruh düşkünlüyü var?
- Qalib gələndə komanda ardını gətirmək istəyir. Uğursuzluq olanda isə həvəssizlik yaranır. Çalışırıq ki, komanda həvəsdən düşməsin. Hiss edirəm ki, komanda son zamanlar düzəlir. Təcrübəli və gənc futbolçularla ayrı-ayrılıqda söhbət edirik. İnanırıq ki, hər şey yaxşı olacaq.
 
- Artıq “Xəzər” xal fərqini ikiyə endirib. Növbəti turda məhz bu komandaya qarşı oynayacaqsız...
- Qış fasiləsi başa çatdıqdan sonra bildirmişdim ki, xal fərqi 14 olsa da, heç nə bitməyib. Çempionat çox gərgin keçirdi. “Xəzər”lə “Sabah”ı xüsusi şəkildə qeyd etmişdim ki, başağrı olacaqlar. “Xəzər” qarşısına böyük hədəflər qoyub. Aşağı pillədə olan klublar da güclü çıxış edirlər. “Zaqatala” əvvəlki komanda deyil, güclənib. Onlar bizdən də, “Şüvəlan”dan da xal alırlar. Mən I Divizionda belə gərgin və maraqlı mübarizənin keçdiyini xatırlamıram. Rəqabət çox güclüdür. Ola bilər ki, sabah bizi və “Xəzər”i “Şüvəlan” keçsin. Bilmək olmaz. 
 
- “Qaradağ-Lökbatan” çempionatı qalib başa vurmasa, taleyiniz necə olacaq?
- Məşqçinin çemodanı hər dəqiqə qapısının ağzında hazır olmalıdır. İstənilən an sənə “get” deyə bilərlər. Ancaq çox sevnirəm ki, ilk işimdə belə rəhbərliklə çalışıram. Mənə dəstəkdirlər və güvənirlər. Komanda uzun müddətdir ki, çempion olmur, ötən mövsüm isə dördüncü yeri tutub. Çempionat start götürəndə favorit hesab edilmirdik. Daha çox “Şüvəlan” iddialı göstərilirdi. Çünki komanda erkən yığılmışdı. Sadəcə, biz startda çox uğurlu başladıq. Mövsümün sonunda qərarı rəhbərlik verəcək. Nə desələr, bunu hörmətlə qarşılayacam. Baş məşqçi kimi sevniriəm ki, belə rəhbərliklə çalışıram. Amma bilmək olmaz nələr baş verəcəyini. İnanıram ki, çempion biz olacağıq. Növbəti tur 90 faiz bəlli olacaq.
 
- Belə söz-söhbət gəzir ki, “Qaradağ-Lökbatan” çempion olsa, bölgəyə köçürüləcək və Premyer Liqada çıxış edəcək...
- Mən bu dəqiqə komandaya köklənmişəm. Əgər 1-ci yeri tutsaq, qərar rəhbərliyin olacaq. Hazırda komandanı çətin vəziyyətdən çıxarmağı düşünürəm. Beynimdə ancaq bunu götür-qoy edirəm.
 
Mehman

Xəbər xətti