Tərlan Əhmədov: "Yeni müqavilə ilə bağlı kiməsə yalvarası deyiləm"

00:12 - 23 Aprel 2018

Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədovun mətbuat konfransı keçirilib.

 

Sportal.az sizi mütəxəssisin fikirləri ilə tanış edir: "Hər iki komandanın ifasında maraqlı oyunun şahidi olduq. Düzdür, son yarım saat ərzində həyəcan keçirdik, amma ümumilikdə komandamız çox gözəl mübarizə apardı. Bacardığımız qədər səhvsiz oyun nümayiş etdirdik. Qalib gəldik. Bunun üçün futbolçulara və bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Turnir cədvəlindəki mövqeyimizi bir az da yaxşılaşdırdıq. Qarşıdakı oyunlara da tam motivasiya olub, fürsəti əldən verməməyə çalışacağıq”.

 

Əhmədov son zamanlar istefa söz-söhbətlərinin çoxalmasına bu cür cavab verib: "Səhvsiz insan yoxdur. Bəlkə də, kubokun cavab görüşündə mənim taktiki səhvimdən uduzduq. İlk dəfə idi ki, müdafiədən oyun qurdum. Buna görə heyətdə bir neçə dəyişiklik etdim. Bunun da bədəlini ödədim. Mən bu komandaya gələndə cəmi 1 xalı var idi. Qarşıma qoyulan əsas məqsəd komandaya daha yaxşı oyun sərgilətmək, daha yaxşı yer tutmaq idi. Mən gəldikdən sonra daha yaxşı oyun sərgiləməyə başadıq. Bundan sonra çoxlarının iştahı artdı. Avrokuboklara vəsiqə tələb etdilər. Ancaq mənim qarşıma belə məqsəd qoyulmamışdı. Qoyulsaydı, başqa cür strategiya seçərdim. Mənim klubla müqavilə müddətim mayda bitir. Bilmirəm, rəhbərlik yeni müqavilə təklif edəcək, ya yox. İstefadan qorxmuram. Mən mərd insanam. İstefadan söz getmir. Dediyim kimi, onsuz da mayda müqaviləm bitir. Kiməsə mənimlə müqavilə bağlanması ilə bağlı yalvarası deyiləm. Yeni təklif olsa, öz şərtlərimi deyəcəm.

Xəbər xətti