Qara Qarayev: "Atam mənə demişdi ki, ardıcıl 5 il çempion olacaqsız" MÜSAHİBƏ

10:45 - 23 Aprel 2018

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub və 1:0 hesabıyla qalib gəlib. Bu qələbə sayəsində Ağdam klubu ardıcıl 5-ci dəfə, ümumilikdə 6-cı dəfə ölkə çempionu olub.

 

"Köhlən atlar"ın yarımmüdafiəçisi Qara Qarayev Sportal.az-ın suallarını cavablandırıb.

 

- "Qarabağ" ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazananda atam mənə demişdi ki, siz beş il ardıcıl çempion olacaqsız. Onun dediyi kimi də oldu. Bu, çox ciddi bir məsuliyyətdir. Çünki, hər il ölkədə futbolun ən yaxşıları seçilirik. Bunda da böyük əziyyət, zəhmət var. Düşünürəm ki, komandamız bu əziyyətlərin öhdəsində layiqincə gələ bilir. Bunun üçün də, əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm. Sevincliyik, evdə ailə üzvlərimizlə birgə bu sevinci bölüşürük.

 

-  “Qarabağ” üçün çempionluq adiləşib. Bunu əvvəlki illərdəki kimi qarşılamadınız.

- Xeyr, elə deməzdim. Məncə, bu yaşla bağlıdır. Çünki, ilk dəfə çempion olduğumuz zaman 5 il bundan öncə idi. Həmin illərdə, çempionluq bizim üçün daha önəmli idi. Ancaq illər keçdikcə titullara yox, oyunlara köklənirik ki, hər dəfə daha yaxşı nəticə göstərək.  Məncə, sevinəndə də qədərində sevinmək lazımdır ki, bizə ziyanı olmasın. Çünki, çempion olmaqla bizim işimiz bitmir, daha da artır. Bu medal mənim evimin ən yaxşı güşəsində qalır. İl boyunca mən bu medal üçün əziyyət çəkirəm. Niyə sevinməyim ki?

 

- Əvvəlki illərə baxdıqda bu çempionluğun fərqi nədədir?

- Düşünürəm ki, şəxsən bizim komandaya qarşı rəqiblərimizin oyun üslubu həmişə fərqli olub. Bütün komandalar bizə qarşı vuruşublar. Ancaq ümumi götürdükdə, çempionatda müəyyən bir eniş var. 8 komanda ilə biz inkişaf edirik deyərək bir-birimizi aldatmış olarıq. Ümid edirəm ki, növbəti ildən daha yaxşı, güclü çempionat qurular və bu da Azərbaycan futboluna, idmanına lazım olan haldır.

 

- Qarşıdakı hədəfiniz nədir?

- Hədəfimiz uğurlarımızı təkrar etmək və onların ən yaxşısını qazanmaqdır. Ötən ilə nəzər salsaq, həqiqətən çox yaxşı nəticələrimiz oldu. Artıq milli ilə oyunlarımız başlayır. Millidə də müəyyən uğurlarımız oldu. Çalışacaqğıq ki, daha yaxşı nəticələr göstərək.

 

- Növbəti mövsümdə özünü “Qarabağ”da görürsən? Ümumiyyətlə, hər hansı bir təklif gəlibmi?

- Azərbaycanda karyeramı “Qarabağ”da davam etdirmək fikrindəyəm. Yaxşı və ya pis nəticələrim də olsa, bu komandada qalmaq fikrim var. Ancaq ölkə xaricindən təklif gəlsə, ilk növbədə diqqət yetirəcəyim məqam ondan ibarət olacq ki, getdiyim yerdə nə dərəcədə xeyrim dəyəcək. Heç bir təklif yoxdur. Olsa, bunu hamı biləcək.

 

- Rahat şəkildə çempion olmağınız motivasiyanıza təsir göstərmir?

- Düşünmürəm ki, rəqabətsizlik oldu. Çünki, bütün oyunlarda rəqiblər bizə qarşı var gücləri ilə oynayırdılar. Sadəcə, digər oyunlarda rəqabətsizlik hiss olunurdu. Biz inanırdıq ki, çempion olacağıq. Bütün işlərimizin əvvəlində inam dayanıb. İnam da işimizin yarısıdır.

Xəbər xətti