Əliyar Ağayev: "Kollina yaxşı idarəçiliyə görə bizi təbrik etdi" MÜSAHİBƏ

FIFA referisi Əliyar Ağayev "Report”un suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- UEFA Gənclər Liqasında İspaniyanın "Barselona” komandasının İngiltərə təmsilçisi "Mançester Siti”yə 5:4 hesabı ilə qalib gəldiyi yarımfinal oyununun baş hakimi idiniz. Yarışın həlledici görüşlərini idarə etmək üçün Azərbaycanla yanaşı, Serbiya, İsveçrə və İsveçdən olan ədalət təmsilçilərinə etimad göstərilməsi nə ilə bağlıdır?
- Bu, hər il olan prosedurdur. UEFA hakimlərin daxili, eyni zamanda, beynəlxalq yarışlarda idarə etdikləri oyunlardakı qiymətlərinə əsasən, təyinatlar verir. Bu dəfə həlledici görüşlərdə mənə və köməkçlilərim Zeynal Zeynalov və Akif Əmirəliyə etimad göstərildi. Qeyd etdiyiniz kimi, biz "Barselona” ilə "Mançester Siti”nin oyununu idarə etdik. "Çelsi”nin "Portu”ya penaltilər seryasında 5:4 hesabı ilə qalib gəldiyi digər yarımfinal qarşılaşması Srcan Yovanoviçin rəhbərlik etdiyi Serbiyadan olan hakimlər briqadasına tapşırıldı. Bu gün "Barselona” və "Çelsi” arasında baş tutacaq final matçını isə Andreas Ekberqin rəhbərlik etdiyi isveçli hakimlər briqadası idarə edəcək.

 

- Bu səviyyədə olan matça təyinat almağınız hansı perspektiv vəd edir?
- Bu mərhələyə dəvət almağımız yaxşı haldır, lakin bizim üçün başlanğıc xarakteri daşıyır. Oyunları UEFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina başda olmaqla, digər şəxslər də izləyirdilər. Orada olduğumuz müddətdə öz tövsiyyə və tapşırıqlarını verdilər. Mənim idarə etdiyimi oyunda hakim-inspektor Kollinanın özü idi.

 

- Sizə hansı qiyməti verdi?
- Hələlik hansı qiymət aldığımız bilinmir. Lakin matçdan sonra bizimlə görüşdü, yaxşı idarəçiliyə görə təbrik etdi və razılığını bildirdi.

 

- Yayda hakim kateqoriyalarında dəyişiklik baş verəcək. UEFA Gənclər Liqasında yarımfinal matçı idarə etməyiniz sizin I kateqoriyaya yüksəlməyinizə təsir edə bilər?
- Təsir edə bilər. Lakin tək bu oyundan asılı deyil. UEFA Hakimlər Komitəsi il ərzində idarə etdiyimiz oyunlara əsasən qiymət verir. Qiymətlər yaxşıdır, görək, necə olacaq. Hazırda II kateqoriyadayam, yığmalar arasında seçmə mərhələ oyunlarına, Avropa Liqasının qrup mərhələsinin görüşlərinə təyinat alıram. Kateqoriyam bir pillə yüksəlsə, daha məsuliyyətli qarşılaşmaları idarə edəcəyəm. İrəlidə isə Elit kateqoriyası var.

 

- "Mançester Siti”nin baş məşqçisi Saymon Deyvis oyundan sonra 36-cı dəqiqədə Lorentso Qonsalesi ikinci sarı vərəqə ilə meydandan uzaqlaşdırmağınızın doğru qərar olmadığını söyləyib. Bu barədə nə deyə bilərsiniz?
- Epizoda şərh vermək istəmirəm. Həmin görüntülərə baxsanız, birmənalı olaraq mənimlə razılaşarsınız. Yəqin, 36-cı dəqiqədə qırmızı vərqə almaq planlarına daxil olmadığı üçün belə açıqlama verib.

Tarix: 23 Aprel [16:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio