Qurban Qurbanov: "Onun transferi ilə bağlı hələ danışıqlar aparmamışıq"

21:18 - 27 Aprel 2018

“Qarabağ” Topaz Premyer Liqasının XXV turunda səfərdə “Zirə”nin qonağı olub və 2:1 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən Qurban Qurbanov fikirlərini bildirib:

 

- Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini göstərdi. Futbolçularımı təbrik edir, rəqibə uğurlar arzu edirəm. Sistem, oyun baxımından hər iki komanda yaxşı çıxış etdi. Rəqibimiz son zamanlar yaxşı günlərini yaşamasa da, ruhdan düşməməyə çalışmalıdırlar.

 

- Heyətlə bağlı bir neçə dəyişiklik etmişdiniz. Bunun səbəbi nə idi?

- Elə də dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim.

 

- Sonuncu turda  səfərdə “Qəbələ” ilə qarşılaşacaqsınız və bu oyununun yerinin dəyişdirilməsi gündəmdədi. Sizin buna münasibətiniz necədi?

- Düzü, "Qəbələ" ilə oyunun yerinin dəyişdirilməsi ilə bağlı ciddi məlumatım yoxdu. Bizim üçün fərq etməz. Onların haqqı evdə oynamaqdısa, bizim də borcumuz səfərə getməkdi. Onlar bura gəlsin, bizim üçün rahat olsun kimi düşünmürük.

 

- "Trabzonspor"dan icarəyə götürülən Ramil Şeydayevin klubdakı gələcək taleyi necə olacaq?

- Müqaviləsi başa çatır. Amma hələ ki, onun transferi ilə bağlı danışıqlar aparmamışıq.

Xəbər xətti