Samir Əliyev: "Bu barədə danışmaq bizim işimiz deyil"

21:51 - 29 Aprel 2018

“Uzun müddətdi qələbə qazana bilmirdik. Qalib gəlmək bizə lazım idi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XXV turunda səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş qonaq komandanın qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib:

 

- İki fərqli hissə oldu. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə yaxşı mübarizə apara bilmədilər. Uşaqlar bu gün qələbəni haqq etdilər.

 

- Oyundan öncə komandada vəziyyət necə idi?

- Hər oyuna qələbə əzmi ilə çıxırıq. Məqsədimiz qələbə qazanmaq idi, bunu da bacardıq.

 

- Qapıçı Elxan Əhmədov bu gün kobud səhvlərə yol verdi.

- Pis qapıçı deyil, potensialı var. Sadəcə, oynamalı, oyun praktikasını geri qaytarmalıdı. Futbolçular belə oyunda oynamalıdırlar ki, püxtələşsinlər.

 

- Bu qələbə “Kəpəz”in aşağı liqaya düşməsini rəsmiləşdirdi. Bir mütəxəssis kimi bölgə komandasının çempionatı tərk etməsinə münasibətiniz necədi?

- Mən deməklə nəsə düzələcəksə, deyim: biz istəyirik ki, bölgə komandalarının sayı çox olsun. Amma bu barədə danışmaq bizim işimiz deyil. Biz öz komandamız və gələcək haqda düşünürük. Bundan başqa, mən hələ mütəxəssis deyiləm, öyrənəcək çox iş var.

 

- Sizcə, müdafiə xətti bundan sonraki oyunlarda daha diqqətli olmalıdır?

- Bu futboldu, hər şey ola bilər. İkinci hissədə əks-hücumlarımız təhlükəli olurdu. Bəzi epizpodlarda bir ötürməmiz çatmırdı. “Səbail” bu gün hələ ilk addımlarını atıb. Bizə də vaxt lazımdı. Püxtələşmək üçün illər lazımdı. Mən yerimi qorumaq üçün vaxt demirəm ki, mənə bu qədər müddət lazımdı. (Futbol11.az)

Xəbər xətti