"Qəbələ"dən "Qarabağ" açıqlaması: "Belə qərarları tək mən vermirəm"

17:56 - 30 Aprel 2018

"Çempionatda "Qarabağ"la son ev oyunumuzun Bakıda keçirilməsi ilə bağlı Peşəkar Futbol Liqasından bizə rəsmi müraciət daxil olmayıb".

 

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqanın 28-ci turunda "Qarabağ"la keçirəcəkləri oyunun Bakıda təşkilinin mümkünlüyünə dair xəbərlərə münasibət bildirərkən deyib. F.Nəcəfov bu varianta hələlik razılıq vermədiklərini sözlərinə əlavə edib: 

 

"Məsələyə PFL-in bizə müraciətindən sonra aydınlıq gələcək. Belə qərarları tək mən yox, klub prezidenti Tale Heydərov verir. Eyni zamanda komandamızın baş məşqçisi Roman Qriqorçukun da fikri önəmlidir. Bizə müraciət daxil olsa, bu məsələni müzakirə edərik".

 

"Qəbələ" rəsmisi bu məsələnin hələ klub daxilində müzakirə olunmadığını da diqqətə çatdırıb: "Son oyunun əhəmiyyətindən çox şey asılıdır. Çempionatda həmin vaxta kimi hər şey həll olunarsa, kimin neçənci yer tutacağı tam müəyyənləşərsə, o halda bu barədə danışmaq olar. İndiki halda isə yox".

 

Qeyd edək ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqada son turun "Qəbələ" - "Qarabağ" matçının Bakıda keçirilməsinin mümkünlüyünü dilə gətirib. O, səbəb kimi "Qarabağ"a çempionluq kubokunu digər medalçılarla birgə təqdim etmək istəmələrini göstərib.

Xəbər xətti