Dario qərarını verdi: "Kəpəz"dən ayrılır?

13:04 - 2 May 2018

Qış fasiləsində "Kəpəz"ə geri dönən Dario Federiko öz formasını tam olmasa da, bərpa edə bilib. Mövsümün sonuna qədər Gəncə klubu ilə müqaviləsi olan braziliyalı vinger klubdan ayrılacaq. 26 yaşlı futbolçu Nizami yurdunu təmsil edən komandada qalmaq istəmir.

 

Sportal.az-ın məlumatına görə, Dario artıq təkliflər alıb. Lakin götür-qoy edən braziliyalı tələsmir. Topaz Premyer Liqasından 2-3 təklif alan oyunçu avrokuboklara yollanacaq komandaların dəqiqləşməsini gözləyir.

 

Qeyd edək ki, Dario ötən yay Cənubi Koreyanın "Seoqnam" klubuna keçmişdi. Asiyada karyerası uğursuz alınan futbolçu "Kəpəz"ə qış fasiləsində döndü. İndi isə sərfəli təklif alan futbolçu ikinci dəfə "sarı-göylər"dən ayrılacaq.

Xəbər xətti