Tural Qürbətov: “Həmin vaxt “Sumqayıt”a keçsəydim, tam fərqli çıxış edəcəkdim” MÜSAHİBƏ

13:57 - 5 May 2018

I Divizionda çıxış edən “Xəzər” debüt mövsümündə çempion oldu. Komandanın bu uğurda ən böyük pay sahiblərindən biri Tural Qürbətov oldu. Qış fasiləsində heyətə cəlb olunan forvard meydana çıxdığı 13 oyunda 11 qol vurmaqla komadasına titul qazanmaqda yardımçı oldu.
 
Sportal.az saytına müsahibə verən Qürbətov çempionluq hisslərindən və digər məsələlərdən danışıb.
 
- Hər bir idmançı üçün çempion olmaq böyük stimuldur. Sənin hisslərin necədir?
- Əlbəttə, böyük bir sevinc var. Komanda daxilində heç gözləmirdi ki, çempion olaq. Qarşımıza ən azından ikinci pilləni tutmaq hədəfi qoyulmuşdu. Ancaq biz çempionatın qalibi olduq ki, bunu da heç kəs gözləmirdi. Komandada şok yaranıb ki, bu qədər xal fərqiin necə aradan qaldırdıq? Çox şadam ki, bu komandaya gəldim. Oyunçuları, məşqçiləri və rəhbərliyi tannıdığım üçün çox sevinirəm. Gözəl kollektivik, çempionluğa da layiqik. Sözün açığı, çempionluğa inanmırdıq. Qələbələr qazandıqca ardını gətirdik. Oyun sistemimiz əladır.
 
- Qış fasilsəində komandaya cəlb olundun. 13 oyuna 11 qol vurmaqla vacib xallar qazandırdın. I Divizion sənin üçün ilk təcrübə idi. Belə uğurlu çıxışı gözləyirdin?
- Komandanın yaxşı oyun üslubu var. Qol vurmaq da hücumçunun işidir. Əlbəttə, daha çox qol vurmaq istəyirdim, qaçırdığım şanslar olub. Ancaq özümə güvənirdim İnanırdım ki, qollarım çox olacaq. 
 
 
- Premyer Liqa üçün darıxmısan?
- Əlbəttə. Baş məşqçimiz Elşad Əhmədov çox sağ olsun ki, məni komandaya dəvət etdi. Mənim qarşımda pillə-pillə irəliləmək var. Baş məşqçi mənə güvəndi. Özümü ən yaxşı tərəfdən göstərmək istəyirdim.
 
- Türkiyənin “Atakum Bələdiyyə” klubuna getsən də, karyeran elə uğurlu alınmadı...
- Mən ora böyük ümidlərlə getmişdim. Ancaq məndə alınmadı. Təsəvvür edin ki, altı ay ərzində 4 baş məşqçi dəyişikliyi oldu. Hər çalışdırıcı öz tanıdığı futbolçuya güvənirdi. Bu baxımdan da mənim üçün çətin oldu. Türkiyədə bəxtsizlik yaşadım.
 
- “Xəzər Lənkəran”dan “Kəpəz”ə transfer olanda sənə ümidlər böyük idi. Gəncə klubu da həmin dönəmdə avrokuboklara vəsiqə qazanmışdı. Lakin “Kəpəz”də sənin üçün uğurlu alındığını demək olmaz.
- “Xəzər Lənkəran” və “Rəvan”da yaxşı mövsüm keçirmişdim. Bəlkə də mən səhv seçim etmişdim. Mənim həmin vaxt “Sumqayıt” varinatım da mövcud idi. Bəlkə də “Sumqayıt”a keçsəydim, tam fərqli çıxış edəcəkdim. “Kəpəz” də iddialı idi, avrokuboklarda çıxış edirdi, komandaya böyük azarkeş marağı var idi. Amma orada az çıxış etdim, istədiyimi edə bilmədim. Hərdən fikirləşirəm ki, “Sumqayıt”a keçsəydim, hər şey fərqli ola bilərdi. Amma artıq olan olub, keçən keçib. İndi irəli baxıram. İstəyirəm Premyer Liqada çıxış edim və həmin hissləri yenidən yaşayım.
 
- Premyer Liqada “Xəzər”in heyətində oynamağı hədəfləyirsən?
- “Xəzər” elitaya buraxılsa, komandada qalacam. Bu komandaya qarşı oynamaq sözün düzü, ağlımdan keçmir. Bu kluba qarşı məndə sevgi hiss yaranıb. Kollektiv, rəhbərlik və məşqçilər korpusu mehriban kollektiv formalaşdırıb. Böyük ehtimalla, komandada qalacam. Əgər Premyer Liqadan təklif olsa, dəyərləndirə bilərəm. Amma çox istəyərəm ki, “Xəzər”lə yüksək dəstədə çıxış edim.
 
 
- Təxribata gedən hücumçu kimi görünürsən. Bu oyunda qırmızı vərəqə aldın. “Zaqatala” ilə elə səfər görüşündə də rəqib futbolçu ilə mübahisən olmuşdu...
- Bu matçda aldığım qırmızı vərəqə mənə heç nədən verildi. Çox əsəbləşmişdim. Ona asta oynamağı bildirdim. Heç dilimdən söyüş də çıxmadı. Hakimin mənə niyə qırmızı vərəqə verdiyini anlamadım. “Zaqatala” ilə səfər görüşündə isə rəqibə qırmızı vərəqə aldırmaq üçün özüm getdim üstünə və o da məni vurdu. Buna görə də qırmızı vərəqə aldı.
 
 
- Premyer Liqadan I Diviziona gedən futbolçular həmişə bildirilər ki, aşağı dəstə çox sərt futbol tələb edir.
- “Zaqatala” son pillədə gedir, amma sona qədər mübarizə aparırlar. Burada bütün komandalar “döyüşür”. Kim çox istəsə, o da qalib gələcək. Burada hər cür mübarizə var. Kimi arxadan vurur, kimi yıxır... Son pillədə gedən komanda liderləri büdərədə bilir.

Xəbər xətti