Maksim Medvedev: "Ronaldonu "Qarabağ"a gətirə bilmərik" MÜSAHİBƏ

00:30 - 7 May 2018

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Neftçi” ilə matçdan sonra (0-1) jurnalistlərə müsahibə verib: 

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu öncə məğlubiyyəti şərh edib:


- Bugünkü oyuna yaxşı hazırlaşmışdıq. Biz hər oyun qalib gəlmək istəyirik. İstəyimiz də çox idi. Amma rəqibin istəyi bizi üstələdi. Öz səhvimizdən qol buraxdıq. Ümumiyyətlə, oyunumuz da alınmırdı. Hiss olunurdu ki, mövsümün sonlarıdı. Sanki bir az arxayınlıq da var idi. Ona görə də bəzi şeylər bizdə alınmayıb. “Keşlə” və “Qəbələ” ilə oyunlarımız qalıb. Çalışacağıq ki, daha yaxşı oynayaq. Səhvlərimizi təkrarlamamağa çalışaraq, yaxşı nəticə qazanmağa can atacağıq.
 
- Səncə, bu hesab müəyyən söz-söhbətlərə gətirib çıxaracaq?
- Hansı söhbətlərə?
 
- “Neftçi”yə xal daha çox lazım idi...
- Bununla deyil ki… “Zirə” ilə də sona qədər oynadıq. “Neftçi” ilə görüşdə isə qol imkanlarımızdan istifadə edə bilmədik. Fikrimcə, oyun baxımından yaxşı oynadıq, istək isə “Neftçi”də yaxşı idi. 
 
- Hücumçularınız niyə fərqlənə bilmədi?
- Həm hücumçularımızda, həm də yarımmüdafiəçilirmizdə qol vurmaq şansı var idi. Sadəcə, alınmadı, son nöqtəni qoya bilmədik. Əgər son nöqtəni qoya bilsəydik, “Neftçi”yə 3-4 qol vura bilərdik.
 
- Coşqun Diniyevin etdiyi səhv haqda nə deyə bilərsən?
- Belə səhvlər olur. “Real” – “Bavariya” oyununda da belə səhv olmuşdu və Kərim Benzema belə qol vurmuşdu. Futboldu, böyük komandalarda da belə şeylər olur. Əsas odu ki, həmin səhvdən sonra sınmayasan, oyuna davam edə biləsən. Çalışasan ki, səhvi düzəldəsən.
 
- Fasilədə Coşqun Diniyev həmin epizoddakı səhvi necə izah etdi?
- Coşqun elə bir şey demədi. Futboldu da olur belə şeylər. Baş məşqçimiz ona pis mənada bir söz demədi, irad bildirmədi. Sadəcə gördü ki, Coşqun psixoloji cəhətdən düşüb və belədə qərar gəldi ki, meydana buraxmasın. Onun yerinə Qara Qarayevi buraxdı.
 
- Bəlkə futbolçular yavaş-yavaş Çempionlar Liqasını düşünməyə başlayıb?
- Ola bilər. Çempionatda qalib gəlmişik. Fikrimiz bu dəqiqə Çempionlar Liqasındadı. Ancaq bu oyunlara da məsuliyyətsiz yanaşa bilmərik. Çünki biz peşəkarıq, sona qədər mübarizə aparmalıyıq. Üstəlik, performansımız da yüksəlməlidi. 
 
- Riçard Almeyda və Rəşad Sadıqov meydanda yox idi. Bu iki futbolçu “Qarabağ” üçün böyük əhəmiyyət kəsb edir?
- Bu cür təcrübəli oyunçular meydanda olmayanda bir az çətinliklər olur. Oyunu ələ almaq lazım olur. Amma onlar yox idi. Taktiki dəyişikliklər də oldu. Bəzi epizodlarda oyunçular da bir-birini başa düşmürdü. Onlar olsaydı, daha yaxşı olardı. Amma hamı istəyərdi ki, onlar meydanda olsun. Onların yerinə meydanda olanların da mübarizə apardıqlarını düşünürəm.
 
- Çempionlar Liqasında uğurlu çıxış etmək üçün “Qarabağ”a səviyyəli hücumçular lazımdır?
- Əlbəttə ki, Çempionlar Liqasında yaxşı çıxış etmək üçün hər bir komandaya güclü futbolçular lazımdı. Amma unutmayaq ki, hər bir klubun öz büdcəsi var. Ancaq biz bura Kriştiano Ronaldonu gətirə bilmərik. Çünki bahalı futbolçudu. Komandanın istədiyi futbolçular da bura gəlməyə razılıq vermir. Çünki baxırlar ki, çempionatda cəmi 8 komanda var. Görürlər ki, Çempionlar Liqasında oynayan ancaq “Qarabağ”dır. Ona görə də bura futbolçu gətirmək çətin olur. Komanda istəyərdi ki, buraya büdcəsinə uyğun çox futbolçu gətirsin. Hər bir mövqeyə ehtiyacımız var. Nəinki hücumda, hər bir mövqeydə. Çünki bu il bir çox futbolçunun müqaviləsi də başa çatır. Onların gələcəyi də sual altındadır. Hazırda baş məşqçimiz bu problemi həll edir.

Xəbər xətti