Ebrima Sohna: "Kuboku qazanmaq istəyirik" MÜSAHİBƏ

12:42 - 7 May 2018

"Keşlə"nin yarımmüdafiəçisi Ebrima Sohna Sportal.az-a müsahibə verib. Topaz Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə səfər heç-heçəsini (1:1) dəyərləndirən qambiyalı futbolçu bu rəqiblə ölkə kubokunun finalında keçiriləcək oyundan da danışıb.

 

- "Qəbələ" ilə səfər oyununda heç-heçə gözlənilməz olmadı?

- Açığı, oyuna yaxşı başlamamışdıq. İlk 10 dəqiqə rəqibin üstünlüyü şəraitində keçdi. Matçın əvvəlləri bizim üçün çətin olsa da, sonradan rahatlaşdıq və öz oyunumuzu oynamağa başladıq. Deyərdim ki, ilk hissədə topa nəzarət edən tərəf "Keşlə" oldu.

 

- Sizcə, həmin görüşdə 2 xalı hansı komanda itirdi?

- Rəqib evdə, biz isə səfərdə oynayırdıq. Buna baxmayaraq, sübut etdik ki, elə də zəif deyilik. Qəbələdə 1 xal qazanmaq bizim üçün yaxşı nəticədir. Düşünürəm ki, ədalətli nəticə elə bərabərlik idi.

 

- Ölkə kubokunun finalında da "Qəbələ" ilə qarşılaşacaqsınız. Özü də rəqibin meydanında...

- Bizim üçün olduqca vacib oyundur. Kuboku qazanmaq istəyirik. Qəbələyə də bunun üçün gedəcəyik. İnanıram ki, hər şey "Keşlə"nin xeyirinə olacaq.

 

- "Qəbələ" ilə son turdakı oyun göstərdi ki, final matçı heç də asan olmayacaq... 

- Şəxsən mənim üçün hər oyun finala bərabərdir. Hər bir görüşdə qələbə qazanmaq istəyirəm. Ancaq istər-istəməz kubokla çempionat oyunu arasında fərq var. Final matçının ab-havası bir başqa cür olur.

 

- Mövsümün sonunda "Keşlə" ilə müqaviləniz başa çatacaq. Planınız nədir?

- Bunu mövsümün sonunda müzakirə edəcəyik. Hələ ki, qarşıda finala bərabər 2 oyun və kubokun final matçı var.

 

- Yəqin ki, ən azından özünüz üçün burda qalıb-qalmayacağınızı müəyyənləşdirmisiniz...

- Mən peşəkar futbolçuyam. Öz üzərimdə daim işləyirəm. Düzdür, burda özümü xoşbəxt hiss edirəm. Amma mövsümün sonunda hər şey ola bilər. Ona görə də yaxşısı, gözləməkdir.

 

- Artıq 3 aydan çoxdur ölkəmizdəsiniz. Əvvəlki müsahibələrinizdə demişdiniz ki, Azərbaycan çempionatı maraqlı və gərgindir. İlkin təəssüratlarınızla indiki fikirləriniz arasında fərq var?

- Yox, mən hələ də fikrimdə qalıram. Premyer Liqada yaxşı futbolçular çıxış edir. Çox çətin çempionatınız var.

Xəbər xətti