PFL-dən açıqlama: "Əgər həmin pul real olsa, Azərbaycan toylarına Seeyanı dəvət edərlər"

16:51 - 7 May 2018

Peşəkar Futbol Liqası Azərbaycan kubokunun final görüşü üçün sürprizlər edəcək.

 

Sportal.az xəbər verir ki, həlledici oyunun açılış mərasimində rumıniyalı məşhur müğənni Seeya iştirak edəcək.

 

Rumıniya mətbuatında gəzən xəbərə görə, "Chocolata" mahınısı ilə məhşurlaşan xanım müğənni ölkə xaricində çıxışı üçün minimum 3 min avro (6 min manat) tələb edir.

 

Saytımıza açıqlama verən Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məbləğin real olmadığını bildirib:

 

"Qonorarı açıqlamayacam. Çünki bu, məxfidir. Həm də onlar bunu xoşlamır. Ancaq onu deyim ki, məbləğ böyük deyil. Həmin pula dəyər. Ancaq 6 min manat da real deyil. Özünüz fikirləşin ki, onun yol pulu etmir. Oteldə qalmaq haqqı da var. Əgər həmin pul real olsa, yerli toyların hamısına Seeyanı dəvət edərlər. Yerli müğənnilərimiz ondan iki dəfə bahadır. Böyük məbləğ deyil. Təsəvvür yaranmasın ki, böyük pullar xərclənilib. Deyərdim ki, təxmini yerli müğənnilərimizə verilən məbləğə yaxındır".

 

Qurum rəsmisi finalda olacaq sürprizlə bağlı ipucu da verib:

 

"İşlərimiz davam edir. Fərqli şeylər ortaya qoymaq istəyirik. Bildiyiniz kimi final matçı Respublika gününə təsadüf edəcək. Müəyyən kreativ fikirlərimiz var ki, finalda bunu hər kəs görəcək. İpucu kimi onu da deyim ki, Lələtəpədə də çəkilişlərimiz oldu. Müdafiə Nazirliyindən buna icazə verildi. Onlara da təşəkkürümüzü bildiririk. Həmin yer qapalı zonadır və heç kim buraxılmır. Cəbhə bölgəsində çəkiliş etmişik. Sadə açılış olacaq. Hər kəsi finala dəvət edirik".

 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Keşlə" görüşü mayın 28-i, saat 20:00-da baş tutacaq.

Xəbər xətti