Joze Alesio: "Bu gün yerli oyunçularla bağlı problem var" MÜSAHİBƏ

16:39 - 10 May 2018

Millimizin və “Araz”ın baş məşqçisi Joze Alesio da Silvanın Azərbaycan Futzal Federasiyanın "Facebook" səhifəsinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, Yüksək Liqanın başa çatmasına 1 tur qalmış komandasını çempion edən braziliyalı mütəxəssis son matçı gözləmədən vətəninə yollanması və mövsümün gedişi, həmçinin yığma barədə danışıb.

 

- Mövsüm “Araz” üçün demək olar, başa çatıb. Qeyd etmək istədiyiniz məqamlar varmı?

- Çempion olduq, amma istədiyimizin hamısını həyata keçirə bilmədik. Əsas odu ki, işə başlamışıq, komandanın özəyini qurmuşuq, istəyirəm bu özəyi növbəti mövsüm üçün də qoruyaq. Çünki yenidən işə başlamaq, sıfırdan komanda qurmaq həm asan deyil, həm də tez vaxtda istədiyin effekti, nəticəni əldə edə bilmirsən. Bu gün bizim bazamız var, deməli, yeni mövsümdə daha yaxşı işlər qurmağımız üçün zəmin yaranıb. İşləməli, inkişaf etməliyik.

 

- Həyata keçirə bilmədiyiniz məqamlar hansılardı?

- Heyəti tam qura bilmədik. Boşluqlarımız var. Amma özəyimiz hazırdı. Həyata keçirə bilmədiklərimizi yeni çempionata qədər reallaşdıracağıq.

 

- “Araz” yenə tək ayaqla çempion oldu?

- Rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Bizim üçün birinci dövrə çox çətin keçdi. Çünki komandanı yeni qurmuşduq, heyətə dəvət edilən futzalçıların adaptasiyası və taktiki tapşırıqların mənimsənilməsi üçün zamana ehtiyac var idi. Üstəlik, “Araz”ı UEFA kubokunun oyunları gözləyirdi. Həmin vaxt çempionat oyunlarında çətinliklə üzləşirdik. Çempion olduqdan sonra isə komandanı qalan oyunlara motivasiya etmək çətinləşdi.

 

- Heyətlə bağlı danışdınız, qan dəyişikliyinə ehtiyac duymursuz?

- Əlbəttə, yeni oyunçular mütləq lazımdı. Sadəcə, baza heyətin olduğunu vurğuladım. Hardasa 6-7 vacib futzalçımız var. Ancaq 5-6 oyunçuya da ehtiyac var. Bu dəfə üstünlüyümüz onda olacaq ki, komandanı sıfırdan qurmayacağıq. Son 1 ildə gördüyümüzü işləri davam etdirəcəyik.

 

- “Araz” mövsümün sonunda heç də xoş olmayan durumla diqqətləri cəlb etdi. Söhbət bir matçda 4 oyunçunun qırmızı vərəqə almasından gedir...

- Həmin oyunu derbi də adlandırmaq olardı. Bu cür qarşılaşmalar zamanı əsəblər tarıma çəkilir. İntizam qaydasındadı. Sadəcə, nə baş verdiyini anlamadıq. Açığı, 30 illik karyeramda ilk dəfə bu cür vəziyyətlə qarşılaşdım. Oyundan sonra paltardəyişmə otağında ciddi söhbətimiz oldu. Əlbəttə, səbəb nə olur-olsun, bu cür hallar yaşanmamalıdı. Həm də heyət üzvlərinə müəyyən qədər istirahət lazımdı. Çünki biz çempionat başladıqdan sonra, demək olar, dincəlmədik, Avropa çempionatına hazırlaşdıq. Ona görə də əsəblərin tarıma çəkilməsi normaldı. Digər tərəfdən razıyam ki, bir komandanın 4 futzalçısının bir oyunda qırmızı vərəqə alması futzalda nadir hadisədi. Belə məsələlərdə hakimlər də diqqətli olmalıdı. Bəzən oyunçulara zarafatla söz deyirlər, qarşılığı gəldikdə isə dərhal vərəqə göstərirlər. Halbuki intizamın qorunmasında hakimlər də kömək etməlidirlər.

 

- Yeni transferlər Braziliyadan olacaq, yoxsa maraq dairənizdə başqa oyunçular var?

- Hazırda əlimdə konkret siyahı yoxdu. Vaxtımız var, axtarışlarımız davam edəcək. Oyunçunun Braziliyadan, İrandan və ya Rusiyadan olması vacib deyil. Əsas onların komandamıza köməyinin dəyməsidi.

 

- Milli komanda ilə bağlı planlar necədi? Çünki qarşıdakı 1 ildən artıq vaxtda milli komanda heç bir rəsmi oyunda iştirak etməyəcək. Yaranacaq boşluğu necə dolduracaqsınız?

- Milli komanda ilə bağlı planımı federasiya rəhbərinə təqdim etmişəm. Bəli, rəsmi oyunlar yoxdu. Buna görə də avqustda yeni mövsüm başlayandan sonra il ərzində 3-4 dəfə toplanışılar keçirəcəyik, mümkün qədər beynəlxalq turnirlərə qatılacağıq. Ötən ilin dekabrında İranda belə bir turnir təşkil olunmuşdu. Bildiyimə görə, bu dəfə Qazaxıstan həmin yarışa ev sahibliyi edəcək. Alınsa, biz də gücümüzü sınamağa çalışacağıq.

 

- Yeni mövsümlə bağlı hansısa təklifiniz varmı?

- Başa çatmaqda olan çempionat bir qədər maraqlı keçdi. Əvvəlki illərdə ancaq EKOL və “Neftçi”nin varlığını hiss edirdin. Bu dəfə onlardan başqa “Marafon Futsal”, “FK. İtaldizain Futsal”, “Yasamal” müqavimət göstərməyə çalışdılar. Məni narahat edən yerli gənc futzalçıların olmamasıdı. Komandalarin heyətlərində ən azı 2-3 gənc, yerli futzalçı oynamalıdı. Hətta bunu limit kimi də tətbiq etmək olar. Cari mövsümdə komandalar heyətlərinə kifayət qədər legioner cəlb etdilər. Məsələn, “Yasamal” yaxşı komandadı, ancaq heyətləri demək olar, iranlı legionerlərdən qurulub. “Marafon Futsal”da da həmçinin. Bu gün yerli oyunçularla bağlı problem var ki, bunu aradan qaldırmağa çalışmalıyıq. Klublar ikinci komandalarını yaratmalı, orda gənclərə şans verməlidi. Bununla bağlı klub rəhbərliyi ilə söhbətimiz olub. Elə etməliyik ki, ehtiyat komandadan 2-3 gənc oyunçunu əsas heyətə qazandıraq.

Xəbər xətti