Samir Abasov: "Günah klubun strategiyasındadır" MÜSAHİBƏ

20:10 - 20 May 2018

Topaz Premyer Liqasının son turunda evdə "Zirə"yə uduzaraq (1:2) Avropa Liqasından kənarda qalan "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. 

 

Sportal.az xəbər verir ki, Abasov bu matçın "Sumqayıt"ın "sükanı arxasında" son oyunu olduğunu deyib:

 

- Bəlkə də oyuna çox köklənməyimiz bizə mane oldu. "Zirə"nin əvəzetmələri yaxşı alındı. Biz isə görə-görə ki, oyunçular çökür, heç nə edə bilmirdik. Çünki ehtiyatda lazımı səviyyədə oyunçu yoxdu. Əlinin papağını Vəlinin başına qoymaqla məşğul idik. Bu, "Sumqayıt"da son oyunum idim. Komandada nəyisə dəyişəcəyimə ümid etmirəm. Neçə ildi komandanı yaxşılaşdırmağa çalışdıq. Gələ bildiyimiz nöqtə budu. Artıq bura mənim üçün deyil. Reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur. Getmək vaxtıdı. Avropa Liqasına çıxmadığımız üçün legionerlər də olmayacaq.

 

- Son 4 oyunda xallar itirdiz. Günah sizdədi, rəhbərlikdə, yoxsa futbolçularda?
- Kimin boynuna istəsəniz yıxa bilərsiniz. "Baş məşqçidədi" - desəm, rahatlayacaqsız? Günah strategiyada, futbolçuların olmamağındadı.

 

- Rəhbərlik istefanızı qəbul etməsə necə olacaq?
- Getmək qərarını çoxdan vermişəm. İnanın Allaha hansısa klubla danışmaq filan yoxdu. Bəli, təklif göndərən klublar var. İstəyirdim nəsə edəm. Boynuma alıram ki, edə bilmədim. Futbolçu çatışmazlığı var. İstefamı vermişəm. Mən rəhbərlikdən asılı adam deyiləm.  

 

- Problem "Sumqayıt"dadı, yoxsa Azərbaycan futbolunda?
- Azərbaycan futbolu ilə bağlı deyil. Strategiya yalnız yerli oyunçulara bağlıdısa, alınmır.

 

- Bir neçə gün əvvəl rəhbərlikə görüşdünüz. İstəklərinizi yerinə yetirmədikləri üçün gedirsiniz?
- Şərtlərim yerinə yetirilmədi. Mən 4-5 oyunçunu istəyirəm. Gözləyirəm ki, "Qəbələ"də kimsə oynamasın, götürəm. Məşqçi öz fəlsəfəsinə görə oyunçu dəvət etməlidi. Gedib Serbiyadan, Xorvatiyadan oyunçu gətirməldi. Amma sən bunu edə bilmirsən. 

 

- "Qəbələ"nin baş məşqçisi olacağınız düzdü?
- "Qəbələ"nin baş məşqçisi var. O getsə, təkilf olsa, danışarıq.

 

- Bu strategiyanı AFFA, konkret olaraq baş katib Elxan Məmmədov müəyyənləşdirib. Niyə görə federasiyasadan maliyyələşən digər klublara legioner almağa icazə verilir, sizə yox?
- Bu strategiyanı kim müəyyənləşdirib, bilmirəm Rəhbərliklə söhbətdə demişdilər ki, Avroliqaya düşsək, legioner olacaq. Bu da olmadı. "Sumqayıt"da dönəmim bitdi. Kluba, azarkeşlərə uğurlar arzulayıram. (Korner.az)

Xəbər xətti