Millimizin üzvü: "Bütün futbolçular Tərlan Əhmədovun komandada qalmasını istəyir"

15:43 - 24 May 2018

"Neftçi"nin qapıçısı Rəşad Əzizli Sportal.az-a açıqlama verib.

 

Milli komandamızın üzvü uğurlu mövsüm keçirdiyini deyib: "Sözün düzü, inanmazdıq ki, mövsümü 3-cü yerdə başa vuraq. Bu, gözlənilməz oldu. Oyunlarda qalib gəldik, xallarımızı artırdıq və bu yerə çatdıq. Mövsüm mənim üçün uğurlu alındı. Çempionatın əvvəlində 2-3 oyun buraxmışdım. Daha sonra isə çərçivə mənə həvalə edildi. Milliyə də dəvət aldım. Kifayət qədər yaxşı mövsüm keçirmişəm. Sonda isə 3-cü yeri tutduq".

 

24 yaşlı qapıçı yığmamızın son toplanışına dəvət almasa da, həvəsdən düşməyib: "İndi dəvət almasam da, həvəsdən düşməmişəm. Bu qərara hörmətlə yanaşıram. Çalışmaqda davam etməliyəm. Öz üzərimdə çalışmalıyam ki, dəvət alım".

 

Əzizli komandanın baş məşqçisi Tərlan Əhmədovun klubdan ayrılacağı ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirib: "Tərlan müəllimin gəlişindən sonra oynamağa başlamışam. Həm də o, komandaya yaxşı bələddir. Bütün futbolçular Tərlan Əhmədovun komandada qalmasını istəyir. Həm dostumuzdu, həm də məşqçimiz. Əziyyət çəkib komandanı 3-cü edib. Getməyini kimsə istəməz və bu baş versə, pis olarıq".

Xəbər xətti