"Bursaspor"un futbolçusu: "Azərbaycan çempionatında oynaya bilərəm" MÜSAHİBƏ

22:09 - 24 May 2018

Bu gün 20 yaşadək futbolçulardan ibarət milli komandamız yoxlama oyunu çərçivəsində Makedoniya ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra yığma komandamızın yarımmüdafiəçisi Ozancan Kökcü jurnalistlərin suallarını cavablandırıb. O, öncə oyun haqda danışıb:

 

- Çox çalışdıq, amma oyunun sonlarında buraxılan qola üzüldük. Qapımızda qol görmək istməzdik.
 
- İlk hissədə milli daha yaxşı oynadı. Fasilədən sonra isə özünüzə bənzəmirdiz. Komanda yorulmuşdu?
- Bunu bilmirəm. Bu haqda danışmaq düzgün olmaz. Əlimizdən gələni etdik. Amma hesab 1-1 başa çatdı.
 
- Sosial şəbəkə hesabında millimizdə forma geyməyəcəyini açıqlamışdın. Daha sonra isə qərarını geri götürdün və Azərbaycan yığmasında çıxış etməyə qərar verdin. Nələr baş vermişdi?
- Azərbaycanı ürəkdən sevirəm və bunu hər kəs bilir. Bəzi şeylər oldu, amma çox danışmaq istməzədim.
 
- Həmin məsələləri unutmusan?
- Əlbəttə, elə şeyləri çox düşünmürəm. Baş məşqçimizlə görüşmüşdüm. Hər detala daxil olmaq istəməzdim.
 
- Türkiyə Futbol Federasiyasında gənc oyunçuların inkişafı üzrə direktoru və aşağı yaş qruplarının cavabdehi olan Tolunay Kafkasla səni milli komandalarına qazandırmaq üçün əlindən gələni edəcəyini demişdi. Bu haqda fikirlərin necədir?
- Bəli, Tolunay Kafkasla Hollandiyada görüşmüşəm. Ona Azərbaycan millisini seçdiyimi demişəm. Azərbaycanı sevirəm. Bunu hər dəfə sizə açıqlama verəndə vurğulayıram. 
 
- Tolunay Kafkasın qəlbi qırılmadı?
- Öz seçimimin olduğunu dedi. Azərbaycan millisində oynadığım üçün qürur duyuram. 
 
- “Valveyk”lə icarə müddətin başa çatdı. “Bursaspor”da gələcək karyeran necə olacaq?
- “Bursaspor”la yeni mövsümün təlim-məşq toplanışlarına qatılacam. Ondan sonra bilinəcək. İnşallah, “Bursaspor”da yaxşı alınar. Çox çalışacam. Həm “Bursaspor”a, həm də Azərbaycan milli komandasına faydalı olmaq istəyirəm.
 
- Bir ara adın Azərbaycan klubları ilə hallanıb. Belə bir variant var?
- Azərbaycan millisində oynayıram. Azərbaycan çempionatında da oynaya bilərəm. Qismətdir, gələcəkdə nə baş verər, bilmərik. 

Xəbər xətti