Klopp: "Finalda yaxşı oyunla yanaşı, şans da lazımdır"

00:52 - 26 May 2018

"Real" şübhəsiz Avropanın ən yaxşı komandalarında biridir. Biz hazırlıqlarımızı etmişik. Rəqibimizin möhtəşəm futbolçuları var. Mövsümün əvvəlində "Liverpul"un finala çıxacağını kimsə gözləmirdi, amma klub tarixinə baxanda belə uğurları reallaşdırdığını görə bilərik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"la oyun öncəsi bugünkü mətbuat konfransında deyib.

 

O, rəqib komandanın baş məşqçisi Zinəddin Zidan haqda müsbət fikirlər səsləndirib: "Nə qədər gülməli səslənsə də, Zinəddin Zidanla mənim taktiki biliyimizin az olduğunu söyləyirlər. Amma ikimiz də finaldayıq. Zidan həqiqətən də çox yaxşı baş məşqçidir. "Real" qələbələr qazanmaqla yanaşı, möhtəşəm oynayır. Dünya ulduzlarının baş məşqçisi olmaq asan iş deyil. Ancaq Zidan həyatını futbola həsr etmiş biridir və ulduzlarla dialoq qurmağın yollarını gözəl bilir. Özü də dahi futbolçu idi. Çempionlar Liqasının finalında oynamaq böyük uğurdur. Sözlə ifadə edilməyən hisslərdir. ÇL-in finalına yüksəlmək bir baş məşqçinin bacaracağı ən güclü işlərdən biridir".

 

Klopp şansları bərabər hesab edir:

 

"Futbolçularım nə istədiyimi bilirlər. Yaxşı oyunçulara sahibik. Təbii ki, "Real"da da önə çıxan futbolçu çoxdur. Komanda daxilində son iclası keçirəcəyik. Son dəfə onlarla söhbət edəcəm. Hər şey mümkündür. Mən həqiqətən də uğura inanıram. Şanslarə bərabər hesab edirəm".

 

Almaniyalı mütəxəssis komandanın bu mövsüm uğurlu çıxışının səbəbərindən danışıb:

 

"Uğurlarmızın sirri "Liverpul" ruhudur. Bu ruhun sayəsində uğurlu çıxış etdik. ÇL-in finalına yüksəlmək təsadüf deyil. Burda uğur var. "Liverpul"un ruhu ilə bura gəldik".

 

Klopp Məhəmədd Salah barədə bunları söyləyib:

 

"Oruc tutmaq şəxsi məsələdir və bu, dini bir inancdır. Buna hər kəs hörmət etməlidir. Bir futbolçu tapşırıqları layiqincə icra edirsə, mən digər məsələlərə qarışmıram. Salahın Ronaldo və Messi ilə birlikdə adının hallanması böyük uğurdur, amma stabilləşməlidir. Bir gündə, bir finalda Messi və Ronaldo ola bilməzsiniz. Bu iki futbolçu son 10 mövsümdə böyük rəqəmlərə çatdılar. Salah bu mövsüm çox uğurlu çıxış etdi və ümid edirəm ki, belə davam edəcək".

 

50 yaşlı mütəxəssis finalda şansa da ehtiyac olduğunu düşünür:

 

"Real" güclü komandadır. Hətta ehtiyat oyunçuları da çox güclüdür. Məsələn, Marko Asensio meydana daxil olaraq oyunu dəyişə bilər. Bir aydır ki, bu oyuna hazırlaşırıq. Matçda enerjili və ən yeni "Liverpul"u göstərməliyik. "Real" ehtiyat qüvvəsinə görə favorit göstərilə bilər, amma unutmayın ki, bu, bir final oyunudur. Finalda yaxşı oyunla yanaşı, şans da lazımdır. Sadəcə, onlar deyil, biz də finaldayıq və nələr olacağını görəcəyik".

 

"Real" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. Oyun Kiyev Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti