Yuri Maksimov: "Keşlə"də bu şərtlə qalaram"

11:47 - 4 İyun 2018

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov ölkəsinin mətbuatına (ua-football) açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis klub rəhbərliyinin onunla müqaviləni uzatmaq istədiyini söyləyib. Maksimov "Keşlə"də hansı şərtlərlə qalacağını da söyləyib:

 

“Müqaviləni uzatmaq üçün mənə təklif olub. İlkin razılığımı vermişəm. Amma bir şərtlə ki, komandada son mövsümdə oynamış futbolçular klubda qalmalıdırlar və heyətin də müəyyən qədər güclənməsi lazımdır”.

 

Mütəxəssis ölkə kubokunun finalında "Qəbələ"yə qalib gələrək, titul qazanmaqları barədə danışıb:

 

"Finala vəsiqə qazanmaq çətin idi. Həlledici qarşılaşmada futbolçular özlərini rahat hiss edirdilər. Finala qədər çətin oyunlarımız oldu. Bu, "Sumqayıt"la görüşlər idi. Öz meydanlımızda 1:0 hesabı ilə qalib gəldik, səfərdəki cavab oyunu 1:1 hesablı nəticə ilə başa çatdı. Bu görüşlərdə bizi Sezar Meza Kolli xilas etdi. O, 2 qol vurdu və bizi finala apardı. Sezar paraqvaylıdı. Əvvəllər "İnter"də (indiki "Keşlə") oynayıb, bir müddətdi futbolsuz idi. Biz onu agentlər vasitəsi ilə komandaya qaytardıq. O isə özünü çox yaxşı tərəfdən göstərdi. Bu o deməkdi ki, lazım olan məqamda faydalı futbolçu tapırsan, o da özünü sübt etməyi bacarır. Hesab edin ki, biz səfərdə oynayırdıq. "Qəbələ" bizi öz meydanında qəbul etməklə üstünlük və azarkeşlərinin güclü dəstəyini qazanmışdı. Onlar üçün kuboku qazanmaq böyük uğur olacaqdı. Amma biz də özümüzü sübut etmək istəyirdik ki, buna da nail olduq".

 

Maksimov "Keşlə"nin vəziyyəti ilə bağlı bunları söyləyib:

 

"Baza və stadion bir yerdədi (gülür). Futbol meydançamız süni örtüklüdü. Orda həm məşq edir, həm də oyun keçiririk. Vəziyyət çox da yaxşı deyil. Belə meydanda futbolçular tez-tez zədələnirlər. Premyer Liqada 8 komanda var ki, onlardan 4-ü süni, 4-ü isə təbii örtüklü meydanda oynayır. Bu, isti iqlimli ölkə üçün mənfi haldı. Ancaq çempionat çox maraqlıdı. Asan oyun yoxdu - ən vacib məqam da budu. 8 klub 4 dövrəli sistemlə çıxış edir və çempionatda istənilən komanda sürpriz edə bilir".

Xəbər xətti