Qurban Qurbanov: "Gözlədiyim nəticə bu deyildi"

20:32 - 5 İyun 2018

"Qazaxıstanı qələbə münasibəti ilə təbrik edirəm. Səhvlərimizlə bağlı komanda daxilində müzakirələr aparacağıq. Düşünürəm ki, yaxşı oynadıq. Qarşılaşmanı ilk 20 dəqiqədə uduzduq, sonradan isə yaxşı oyun sərgilədi. Lakin gözlədiyim nəticə bu deyildi". 

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis yığmamızın Qazaxıstana məğlub olduğu yoldaşlıq matçını şərh edib. O, buraxılan erkən qollara görə məğlub olduqlarını bildirib:

 

"Komandamız ilk dəqiqələrdən qol buraxmağa hazır deyildi. Bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandamızın rəqib futbolçularını dayandırmaq üçün gücü çatmadı".

 

Qurban Qurbanov ikinci hissədə etdiyi dəyişikliklər barədə danışıb: "İkinci hissədə etdiyim dəyişikliklər taktiki gedişlə bağlı idi. Heyətdə olan bütün futbolçulara şans verməyə çalışdım ki, onlar qarşıdakı oyunlara hazır olsunlar".

 

Çalışdırıcı Qazaxıstanın hücum xəttinin güclü olduğunu vurğulayıb: "Dediyim kimi, Qazaxıstan çox artırıb, xüsusən də hücumda. Komanda hücumda daha yaxşı oynamağı bacarır. Hücum xəttində mübarizə aparan futbolçular bizə xeyli çətinlik yaratdılar". 

 

46 yaşlı məşqçi millimizin bir neçə gün öncə məğlub etdiyi Qırğızıstan millisi iilə Qazaxıstanı müqayisə edib: "Qazaxıstan və Qırğızıstan milli komandaları arasında ciddi fərq var. Lakin müqayisə etmək niyyətində deyiləm. Onu deyə bilərəm ki, Qazaxıstan millisi Qırğızıstandan güclüdür".

Xəbər xətti