Miksu Paatalaynen: "Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik"

12:12 - 10 İyun 2018

"Nəticə ürəyimizcə deyil. Estoniya və Litva ilə "Baltika Kuboku"ndakı oyunlarımız yaxşı alınmışdı. Həmin matçlardan sonra təlim-məşq toplanışımızı və yoldaşlıq görüşlərini müsbət notlarla başa vuracağımıza ümid edirdim. Lakin hər şey əksinə oldu".

 

Sportal.az xəbər verir ki, bu sözləri Latviya millisinin baş məşqçisi Miksu Paatalaynen deyib. Təcrübəli çalışdırıcı Azərbaycan yığmasına evdə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşü haqda fikirlərini bildirib. 

 

51 yaşlı mütəxəssisin fikrincə, Riqadakı matçda komandasının millimizlə eyni səviyyəli mübarizə aparacağını güman etsə də, oyun planlaşdırdığı kimi alınmayıb: "Məğlubiyyətə görə bütün komanda günahkardı. Futbolçular və məşqçilər tələb olunan səviyyədə çalışmadılar. Psixoloji cəhətdən zəif olduğumuzu qəbul edə bilmərik. Hər kəs güzgüyə baxmalı və soruşmalıdı ki, biz nə dərəcədə hazırıq. Keçirdiyimiz 3 oyunun nəticələrinə əsasən, fiziki və psixoloji cəhətdən zəif hazırlığımız rəsmi oyunlar öncəsi bizə təhlükə yaradır. Lakin bunlar adi sözlər yox, düşünmək üçün əsasdı. Bunu hamı etməlidir ki, belə hal təkrarlanmasın". 

 

Finlandiyalı baş məşqçinin fikrincə, Azərbaycanı Litva və Estoniya ilə müqayisə etmək çətindir: "Biz Azərbaycan yığmasını analiz etmişdik. Oyunçularımız bu komandanın təhlükəli, yaxşı oyunçulara malik və yaxşı çıxış etməyə qadir olduğunu bilirdilər. Biz hətta ilk oyunumuzdakı səviyyəyə də yaxın deyildik. Ona görə də rəqiblərimizdən hansının indiyədək daha yüksək səviyyədə olduğunu demək çətindir. Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik". 

Xəbər xətti