"Neftçi" üçün rekord büdcə ayrıldı

12:47 - 10 İyun 2018

Baş məşqçi postuna italiyalı Roberto Bordinini gətirən "Neftçi" klubunun illik büdcəsi 3 qat artırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə sportlife.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

 

Məlumatda bildirilir ki, SOCAR-dan "Neftçi"yə 2018/2019 mövsümü üçün 21 milyon manat büdcə ayrılıb. Bu, klub tarixi ərzində paytaxt təmsilçisinə ayrılan ən yüksək məbləğdi. Məlumat üçün bildirək ki, Dövlət Neft Şirkəti indiyədək "ağ-qaralar"a ən yaxşı halda 12 milyon manat ayırıb.

 

Mənbənin dediyinə görə, vəsaitin 1/3 hissəsi klubun təlim-məşq bazasının tikintisi üçün nəzərdə tutulub. Bundan əlavə, 500 min manat da akademiya xərclərinə sərf olunacaq. Büdcənin yerdə qalan hissəsi isə əsas komandaya xərclənəcək. 

 

Məlumatı verən mənbə bildirir ki, büdcənin artırılmasının qarşılığında "ağ-qaralar"ın idarəçilərinin qarşısına yalnız 1 şərt qoyulub - Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmaq. 

 

Xatırladaq ki, ötən mövsüm "Neftçi"nin büdcəsi 7 milyon manat təşkil edib.

Xəbər xətti