“Qəbələ”nin baş məşqçisi: “Dabonun gedişində hansısa problem görmürəm" MÜSAHİBƏ

13:58 - 18 İyun 2018

 “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovun futbol11.az saytına müsahibə verib.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 

- MOİK-lə yoxlama matçında qələbə qazana bilmədiniz. Qarşılaşma haqda nə deyə bilərsiniz?

- Futbolçulardan bəzi şeyləri almaq istəyirdik. Çox ala bilməsək də, aldıq. Bəzi şeylər var idi ki, onların üzərində işləmişdik. Bilirdik ki, istədiyimizi ala bilməyəcik. Bir oyun üslubumuzda da dəyişiklik etmək istəyirdik. Hücumdan müdafiəyə, müdafiədən hücuma çıxmağa çalışırdıq. Bilirdik ki, bu durumda sürətli hücum qurmaq çətin olacaq. Daha çox işləməliyik. Bu oyun mənim üçün məlumat bazası oldu. İstədiyimiz şeyləri etmək üçün öz üzərimizdə çalışacağıq .

 

- Taktiki baxımdan hansı dəyişikliyi edəcəksiniz?

- Futbolda hücum və müdafiə var. Bunların hər ikisində “ən yaxşı” olmağa çalışırıq. Sadəcə, bəzi nüanslarda dəyişiklik edəcəyik. Bu haqda uşaqlarla danışıcağıq.

 

- Məsələn, nəyi dəyişmək istəyirsiniz?

- Hücumda və müdafiədə yaxşı oynamaq istəyirik. Oyunun gedişində bunları edə bilsək, siz də kənardan görəcəksiniz. Bundan başqa, “Qəbələ” həmişə futbol oynayırdı. Çalışacağıq ki, daha yaxşı çıxış edək. 

 

- Əsas oyunçularınız komandanı tərk edib. Bu, sizi narahat etmir?

- Mən yalnız meydanda olan futbolçularım haqda danışa bilərəm. Hazırda əlimdə olan futbolçulardan razıyam. Bu oyunçuların üzərində işləyəcəyik, daha yaxşı olacağıq. Əlbəttə, komandaya hücumçu cəlb etmək niyyətindəyik.

 

- Dabonun gedişi sizə və komandaya necə təsir etdi?

- Dabo artıq rəqibin futbolçusudu, onun barəsində nəsə danışmaq istəmirəm. Sərbəst futbolçu idi, getdi.

 

- Amma komandaya söz vermişdi.

- Mən bildiyimə görə, qalmağa razılıq vermişdi. Onun gedişində hansısa problem görmürəm. 

 

- Sloveniyadakı rəqiblərin siyahısında dəyişiklik olmayıb?

- Yox, danışdığımız rəqiblərdi. Ola bilər ki, 4 oyun yox, 3 oyun keçirək. “Dinamo” və “Kukesi” ilə razılıq əldə etmişik. Üçüncü rəqibimizin adına isə Sloveniyada aydınlıq gələcək.

 

- İndiki məqamda sizə hücumçu, yoxsa oyun qurucusu daha çox lazımdı?

- Hər bir mövqeyə futbolçu istəyirik. Bu gün orta oyunçularından daha çox razı qaldım. Elvin Camalov və Qismət Alıyevdən belə oyun gözləmirdim. Əlbəttə, bizə oyun qurucusu lazımdı və həmin mövqeyə Lilayı transfer etmişik. Onun oyunundan razıyam, beynimdə olan futbol fəlsəfəsi var.

 

- Sabah Avrokubokların püşkü atılacaq. Hansı rəqiblə qarşılaşmağı arzulamırsınız?

- Nəsə fikirləşirsənsə, daima onun əksi reallaşır. Ona görə də, sabahı gözləyirəm. Nə xeyirlidirsə, o da olsun.

Xəbər xətti