Rəşad Sadıqov: "Qarabağ" məni istəməsəydi, karyeramı bitirəcəkdim"

11:55 - 19 İyun 2018

"Futboldan doymuram və bu, məncə, həmişə belə olacaq. Hər mövsümün sonunda Qurban müəllimlə açıq, geniş söhbətimiz olur. Zərrə qədər hiss etsəydim ki, mənə ehtiyac yoxdu və ya təcrübəli futbolçudu, kollektivin içində olsun, başqa cür faydası dəyir - belə bir düşüncələrin olduğunu görsəydim, həmin dəqiqə futbolçu karyeramı bitirəcəkdim".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bildirib. 
 
36 yaşlı müdafiəçi 2009-cu idən fasiləsiz çıxış etdiyi Ağdam klubuyla yeni 1 illik müqavilə imzalamaqla futbolçu karyerasını davam etdirəcəyini dəqiqləşdirib. Sadıqovun sözlərinə görə, baş məşqçisi Qurban Qurbanovuna ona yenə də futbolçu kimi güvənməsi qərarında həlledici olub: "Baş məşqçimizlə söhbətə başlamamışdan qabaq ondan çox xahiş etdim ki, səmimi olsun. Ona futbolçu kimi lazımamsa, belə düşünürsə, xeyrim dəyirsə, qalaram. Hətta söhbət əsnasında mənə 2 illik müqavilə təklif etdi. Dedi ki, gəl, 2 illik müqavilə imzalayaq. Mən də dedim, yox, 1 il olsun. Sözün düzü, 1 il düşünürəm. Sonda yenə baxarıq. Onu da deyim ki, "Qarabağ" məni istəməsəydi, karyeramı bitirəcəkdim. Təkliflər keçən yayda da olub, ondan əvvəl də".
 
Bilindiyi kimi, "Qarabağ" mövsüm bitəndən sonra 10 futbolçu ilə yollarını ayırıb. Heyətdə yaranan boşluqları doldurmaq üçün transfer çalışmalarına çoxdan başlayan Çempionlar Liqasındakı (ÇL) təmsilçimiz hələ ki yalnız 2 transferə imza ata bilib. Bu, "Səbail"dən millimizin müdafiəçisi Rahil Məmmədovla "Qəbələ"dən xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçdi. ÇL-də reqlamentin dəyişməsiylə qrupa düşməyi çətinləşməsi təmsilçimizlə bağlı qayğıları artırır. Kapitanı dinləyək: "Qayğı deməyək, narahatçılıq var. Şəxsən məndə var, bu narahatçılıq hamıda seziliir. Hətta Qurban müəllimin özündə də. Komandamıza xaricdən gətirmək istədiyimiz futbolçularla neçə aydı danışıqlar gedirdi. Baxırsan ki bəzi futbolçular "hə-hə, müqavilə bitəndə gələcəyik" deyirdi. Yaxşı səviyyəli  legionerlərdi. Müqavilələri artıq bitib, ancaq baxırsan ki, sənə ehtiyat variant kimi baxırlar. Çünki daha sərfəli təklifləri olub və indi "yox" deyirlər. Hazırda transfer məsələsi ən çətin, yaralı yerimizdi. 4-5 futbolçu üzərində iş, danışıqlar gedir, amma hələ məsələsi bitən oyunçu yoxdu. Transferləri olanları da bilirsiniz".

Xəbər xətti