İlqar Qurbanov: "Həmişə rəqib komandanı özündən üstün saymalısan"

“Qəbələ”nin futbolçusu İlqar Qurbanov “qırmızı-qaralar”ın hazırlıq prosesi barədə fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi klub saytına açıqlamasında Sloveniyada təşkil olunan təlim-məşq toplanışının ilk gününü də dəyərləndirib: “Sloveniyada hazırlığın ilk gününü arxada qoyduq. Çox maraqlı, yüksək səviyyədə məşqlər keçirik. Milli komandanın düşərgəsindən qayıtdığım üçün hazırlığın ilk mərhələsində iki gün iştirak etdim. UEFA Avropa Liqasında iyulun 12-də keçirəcəyimiz ilk oyuna az vaxt qalib. Buna görə daha səmərəli çalışıb, oyun formamızı tam yığmalıyıq. Yeni baş məşqçi və yeni heyətlə uğurlu olmasını istəyirəm”.

 

Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki ilk rəqib olan Lüksemburq “Proqres”i barədə də fikirlərini açıqlayıb: “UEFA turnirlərində zəif rəqib olmur. Ona görə də qarşılaşmalara ciddi hazırlaşmalıyıq. Heç bir rəqiblə görüşə arxayın çıxmaq olmaz. Həmişə rəqib komandanı özündən üstün saymalısan. Toplanış prosesində yaxşı məşq edib, məsuliyyətli, ciddi hazırlaşmaq vacibdi. İlk görüşün evdə və ya səfərdə keçirilməsinin fərqi yoxdu. Əsas odu ki, yaxşı formada olasan”.

 

Azərbaycan kubokunun finalından sonra milli komandanın düşərgəsinə yollanan və bu səbəbdən yeni mövsümün hazırlıqlarına gec qoşulan futbolçu öz forması haqqında da danışıb: “Mövsüm bitəndən sonra milli komandaya qatıldığım üçün məşqlərimə yalnız 6-7 gün fasilə verdim. Belə qısa müddətdə forma çox itirilmir. Ona görə də formanı tez bərpa edəcəyimə inanıram. Qarşıda yoxlama oyunları olacaq. Məşqləri yaxşı şəkildə gerçəkləşdirib, bu matçlara ciddi yanaşıb, “Proqres”lə ilk matça hazır olmalıyıq. İlk oyunlar həmişə çətin alınır. Ötən mövsüm “Yagelloniya” ilə ilk matç da bunu göstərmişdi. Ciddi hazırlaşıb, rəqib haqda çox düşünməməliyik. Daha çox özümüz barədə fikirləşməliyik. Çünki özün güclü olmalısan, yoxsa heç bir rəqibi üstələyə bilməzsən”.

Tarix: 22 İyun [01:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio