"Qəbələ" Albaniya klubu ilə qarşılaşacaq

İyunun 20-dən Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Bu oyun “Qəbələ”nin Sloveniyada ümumilikdə 10-cu qarşılaşmasıdır. 2012-ci və 2014-cü illərdə də yay təlim-məşq toplanışını bu ölkədə keçirən “qırmızı-qaralar” ümumilikdə 8 yoxlama oyununda qüvvəsini sınayıb. "Qırmızı-qaralar" bu Sloveniyadakı daha bir oyunu UEFA Avropa Liqasının “Maribor”la duelinə təsadüf edib. 

 

“Qəbələ” Albaniya təmsilçisi ilə indiyədək 1 yoxlama oyunu keçirib. 2017-ci ilin qışında Türkiyə toplanışında olan “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəlib. Yoxlama matçında albaniyalılar qalib gəlib – 2:1.

 

"Qəbələ"nin qarşılaşacağı “Kukesi” 1930-cu ildə yaranıb. Eyniadlı şəhəri təmsil edən komanda 88 illik tarixinin böyük hissəsini aşağı liqalarda keçirib. 2012-ci ildə Superliqada debüt edən rəqibimiz burada 6 mövsüm mübarizə aparıb. “Kukesi” bu qısa müddətdə daimi mükafatçı imicinə yiyələnib. Komanda Superliqada keçirdiyi bütün çempionatları ilk “üçlük”də tamamlayıb. İlk üç mövsümdə (2012/13, 2013/14, 2014/15) qazanılan ardıcıl gümüş medallardan sonra bürünc (2015/16) və çempionluq (2016/17) da əldə edilib. 2017/18 mövsümündə yenidən gümüşə sahib çıxan “Kukesi” UEFA Avropa Liqasına yüksəlib. Aktivində ölkə kuboku (2015/16) və Superkuboku (2016) da olan kukesililər son 5 mövsümdə də avrokuboklarda mübarizə aparıb. Komandanın ən böyük uğuru UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməkdir.

 

Xatırladaq ki, “Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu “Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.

Tarix: 23 İyun [00:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio